Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.
Yaşı 65-də yuxarı vətəndaşlar rayon ərazisində aşkarlandıqda isə onlara virusa daha tez yoluxma riskinin olduğu izah edilərək evlərinə qədər müşayiət olunurlar. Bu işdə polislərə Şəmkir rayon İcra Hakimiyyətinin başçısının yanında yaradılmış operativ qərargahın mobil qruplarının üzvləri də kömək edir.
Lakin əfsuslar olsun ki, görünən bu tədbirlərə baxmayaraq xüsusi karantin rejimin tələblərinə biganə yanaşan sakinlərə də rast gəlinir. Polis əməkdaşların apardıqları araşdırmalarla xüsusi karantin rejiminin tələblərini pozan 35 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq barələrində tədbir görülüb. Həmin vətəndaşlardan 33 nəfəri barəsində inzibati qaydada protokol tərtib edilib. İki nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs ediliblər.