Ağdaşda karantin rejiminə əməl etməyənlər saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, karantin rejim qaydalarının təmin olunması istiqamətində Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.
Rayona giriş-çıxışın qadağan olunmasına baxmayaraq, polisin əmrinə tabe olmayaraq postu keçməyə cəhd göstərən 2 nəfər Ağdaş rayon sakini - Firdovsi Dosməmmədov və Toğrul Həsənov saxlanılıblar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün rayon Məhkəməsinə göndərilib. Həmin şəxslər məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunublar.
Həmçinin Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparılan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən 8 kafe, 1 komputer oyunları zalı və 2 geyim əşyaları satışı edən mağaza aşkar edilb. Həmin obyekt sahibləri barəsində karantin rejim qaydalarını pozduqlarına görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.
Rayon Polis Şöbəsinin əməkdaşları keçirilən digər bir tədbir nəticəsində sosial şəbəkələrdə koronavirus pandemiyası ilə bağlı heç bir dövlət qurumunun rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək yalan məlumatlar yayan Ağdaş şəhər sakini Nurlan Rəhimlini saxlayıblar. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və cərimə edilib.
Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək