Göyçayın Bığır kəndində ailədə baş verən bıçaqlanma barədə bəzi təfərrüatlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, arvadını və oğlunu bıçaqlayan 58 yaşlı Seyidov Qəfər Sadıq oğlu hər dəfə spirtli içki içəndə ailədə söz-söhbət yaranıb. Adi vaxtlarda ailədə mübahisə yaşanmadığı deyilir. Bıçaqlanma hadisəsi də məhz Q.Seyidov sərxoş olduğu zaman baş verib. Belə ki, onun içkili olması evdə münaqişəyə səbəb olub və bundan hiddətlənən ailə başçısı arvadı ilə oğlunu bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin Şəki Regional qrupundan Lent.az-a verilən məlumata görə, ailə münaqişəsi zəminində hadisəni törədən Q.Seyidovu Göyçay rayon Polis Şöbəsinin əməkdaşları saxlayıb.
Göyçay rayon Mərkəzi Xəstəxanasından isə saytımıza bildirilib ki, hadisə zamanı bıçaqlanan 33 yaşlı Qəzənfər Seyidov ilkin tibbi yardımdan sonra evə buraxılıb. Anası 53 yaşlı Dürdanə Seyidova isə hazırda xəstəxanadadır və vəziyyəti orta stabildir.
***
17.03.2020
Saat: 19:44
Göyçay rayonunda ailə münaqişəsi qanla nəticələnib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü Seyidov Qəfər Sadıq oğlu ailə münaqişəsi zəminindı arvadı, 1967-ci il təvəllüdlü Seyidova Dürdanə Ələddin qızı və oğlu, 1987-ci il təvəllüdlü Seyidov Qəzənfər Qəfər oğlunu bıçaqlayıb. Q.Seyidov bud, çənə və qarın, D.Seyidova isə döş qəfəsi, qol və qarın nahiyəsindən bıçaq xəsarəti ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.