Bu il fevralın 24-də Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonu, Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonu, Quşçu Ayrım kəndi istiqamətindəki Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntəqəsinə diversiya cəhdi nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə əlaqədar Azərbaycanın Hərbi Prokurorluğunda cinayət işi başlanılıb.
Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğun birgə məlumatında bildirilir. Fakt üzrə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.12, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq prosessual hərəkətlər həyata keçirilməklə düşmənin diversiya qrupunun hərbi qulluqçularımızı qəsdən öldürmək və döyüş postumuzu ələ keçirmək məqsədi ilə hücuma keçərək təxribat törətməsi müəyyən olunub və hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir:
"Düşmənin silahlı təxribatının qarşısını alarkən fərqlənən sərhədçilər Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə medal, qiymətli hədiyyə və fəxri fərmanlar ilə təltifləndiriliblər. Qəhrəmancasına həlak olan əsgər Vəliyev İbrahim Ələmşah oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınan və bu cəhdlər zamanı ciddi döyüş itkiləri verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri təmas xəttində təxribat xarakterli əməllərini davam etdirirlər. Martın 1-də DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə dərhəd diviziyasının Qazax rayonunun Xanlıqlar və Quşçu Ayrım kəndləri yaxınlığında yerləşən sərhəd döyüş məntəqələri iri çaplı silahlardan intensiv atəşə tutulub, cavab atəşi ilə düşmənin döyüş mövqeləri susdurulub.
Bildiririk ki, Ermənistan tərəfinin təmas xəttində təxribat xarakterli bütün əməllərinin qarşısının alınması və törədilmiş hər bir cinayətə görə təqsiri olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılması üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir".