Şəkidə evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumaat görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini yaşadığı evdən özünün olmadığı müddətdə qızıl-zinət əşyaları və pulun oğurlanması barədə məlumat verib. Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən 18700 manat dəyərində qızıl sikkələrin və 3100 ABŞ dollarının oğurlandığı müəyyən olunub.
Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki şəhər sakini 19 yaşlı Abdullətif Əliyev saxlanılıb. O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı qızılların bir qismi ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, A.Əliyevin digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.