Amanqali Kadırqaleyeviç Qubaydullin. Bu ad, təbii ki, sizlərə heç nə deməyəcək. Elə mən özüm də ilk dəfədi eşidirəm. Bəs dünyanın ən ciddi qorunan həbsxanalarından olan "Butırka"? Yəqin hardasa adını eşitmisiniz.
Hə, əsası 1775-ci ildə İkinci Yekaterina tərəfindən qoyulub "Butırka"nın. Kimlər cəza çəkməyib burda? Üsyankar Yemelyan Puqaçov, Soljenitsın, Mandelştam, Ginzburq, hətta Çikatilo.
Mövcud olduğu 245 il ərzində bu türmədə hansısa azərbaycanlının cəza çəkməsi də şübhə doğurmur. Amma onların arasında elə birisi var ki, adı bu həbsxananın tarixinə yazılıb. Elə Amanqali Qubaydullin də Rusiya KİV-ə verdiyi müsahibəsində ondan danışır - Bəxtiyar İgidəliyevdən.
Jurnalistin “Bu həbsxanadan qaçan olubmu?” sualına Qubaydullin belə cavab verir:
- 1992-ci ilin dekabrında azərbaycanlı Bəxtiyar İgidəliyev və Moskva vilayətinin Şelkovo rayon sakini Valeri Mordasov səhər gəzintisi zamanı burdan qaça bilmişdilər. Onlar gəzinti yerindən boruyla sürüşüb aşağı düşmüşdülər. Həmin vaxt isə korpusun həyətində təmir işləri gedirdi. Necə deyərlər, orda aləm qarışmışdı.
Onlar həyətdən həbsxananın içindəki mebel fabrikinə keçib, oradan şəhərə çıxmışdılar. Biz xəbər tutan kimi həyəcan siqnalı çaldıq. Amma artıq gec idi. Mordasovu isti izlərlə tuta bildik. Bəxtiyarı isə tapa bilmədik. O, nəinki Moskvanı tərk etmişdi, üstəlik Azərbaycana qaçmışdı. Onu bir müddət sonra Azərbaycanda saxlamışdılar. Bizim əməkdaşlar ora gedib Bəxtiyarı yatab etmişdilər”.
Bəs kimdi bu Bəxtiyar? Həmin vaxt neçə yaşı olub, indi sağdırmı; bax, bu suallara cavab tapa bilmədik. Amma…
Amma araşdırmamız zamanı məlum oldu ki, Bəxtiyar İgidəliyуv "Butırka"da Rusiya Cinayət Məcəlləsinin 224-cü maddəsiylə cəza çəkirmiş. O, “Narkotik maddələrin hazırlanması və satışında” ittiham edilirmiş. Onun qaçış yoldaşı Mordasov isə hədə-qorxuyla pul tələb etmə...