Binəqədi rayonu, Biləcəri qəsəbəsində paytaxt sakini İsmayıl İsmayılzadəyə məxsus “VAZ 2107” markalı avtomobili naməlum şəxs qaçırıb.
DİN mtəbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, zərərçəkən ərazi üzrə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət edərək nəqliyyat vasitəsinin oğurlandığını bildirib.
Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sahib Əliyev və onun bacısı oğlu Nicat Musayev tutularaq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı müəyyən edilib ki, S.Əliyev avtomobili qaçırandan sonra yaşadığı Abşeron rayonu, Məhəmmədi qəsəbəsində sökərək hissələrə ayırıb. O, həmin ehtiyat hissələrinin bəzilərini qohumu N.Musayevin tapdığı müştərilərə satıb. Qaçırılan nəqliyyat vasitəsinin qalan hissələri S.Əliyevin yaşadığı evin həyətindən aşkar olunaraq götürülüb.
Faktla bağlı 6-cı Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. S.Əliyev və N.Musayevin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Bu şəxslərin əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya Binəqədi rayon Polis İdrəsinin 6-cı Polis Bölməsinə müraciət edə bilərlər.