11 mart 2020-ci il tarixində hərbi yönümlü Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, Qarabağ müharibəsi qaziləri Suriyanın İdlib bölgəsində baş vermiş hadisələrdə qardaş ölkənin şəhid hərbçilərinə görə Türkiyə dövlətinə mənəvi dəstək vermək məqsədi ilə Türkiyə səfirliyində olublar.
Lent.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral tədbir iştirakçılarını salamlayaraq onlara mənəvi dəstəklərinə görə təşəkkür edib.
Tədbirdə bir neçə QHT rəhbərləri, o cümlədən, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək ehtiyatda olan zabitlərin adından İdlib bölgəsində şəhid olmuş türk hərbçilərinə görə başsağlığı verib. O, Azərbaycanın qardaş Türkiyənin daima yanında olduğunu vurğulayaraq, bundan əlavə, Azərbaycan və Türkiyə dostluğunun tarixi köklərindən danışıb.
Tədbirdə, həmçinin Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti, istefada olan general-leytenant Yaşar Aydəmirov, Füzuli Rzaquluyev, Asəf Əliyev, Rey Kərimoğlu, polkovnik Elman Hüseynov və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vahid Quluyev çıxış edib. General-leytenant Y. Aydəmirov Türkiyə ordusunun şanlı tarixindən, türk sərkərdələrinin igidliyindən danışıb.
Tədbirdə iştirak edən F. Rzaquluyev Qarabağ müharibəsi zamanı türk ordusunun Azərbaycana köməyindən danışıb. Nitq söyləyənlərdən R. Kərimoğlu 1918-ci ildə türk ordusunun sərkərdəsi Nuru paşanın yeni yaranan Azərbaycan Cümhuriyyətinə böyük köməyindən söhbət açıb. Polkovnik E. Hüseynov öz xidməti dövründə Azərbaycan təyyarəsində olarkən Türkiyənin İncirlik bazasına enməsindən, Türk ordusundan hərbi yardım almasından maraqlı söhbətlər edib. Tədbir iştirakçısı olan bir neçə Qarabağ müharibəsi qaziləri də Türkiyə şəhidləri üçün başsağlığı verərək, qardaş ölkələrin lazım olan anda bir-birinə dəstək və dayaq olduqlarını deyiblər.
Tədbirin sonunda xatirə şəkli çəkildi.