Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, bu il fevralın 23-də Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonu Şirvanovka kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Azərbaycan vətəndaşı, 37 yaşlı Soltanov Elşən Qismət oğlu sərhəd pozucusu qismində saxlanılıb. İlkin araşdırma zamanı onun dövlət sərhədindən rəsmi qaydada hərəkətinə tərəfindən məhdudiyyət qoyulduğundan sərhədi qanunsuz olaraq keçməyə cəhd göstərməsi müəyyən olub.
Qeyd olunan tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonu Əmirzeytli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər şəxsin əraziyə yaxınlaşaraq xüsusi gizlədilmiş yerdən bağlama götürmələri müşahidə olunub və onlar hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən saxlanılıblar.
Saxlanılan şəxslərin Ağcabədi rayon Avşar kənd sakinləri, 40 yaşlı Mehdiyev Qərib Aqil oğlu, 46 yaşlı Mamedov Cabir Camal oğlu, Beyləqan rayon “Mil“ üzümçülük qəsəbə sakini, 53 yaşlı Nəzərov Yusif Şəmil oğlu olması müəyyən edilib. Bağlamaya baxış keçirərkən, qara rəngli polietilen salafafanda 4374 qram olan narkotik vasitə olan marixuana və 254 qram metofitamin aşkar olunub.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.