Balakəndə civə alverçiləri saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində civə satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Daxil olmuş məlumat əsasında 22 yaşlı Balakən rayonu Qullar kənd sakini Turan Süleymanov və şəhər sakini 21 yaşlı Toğrul Səmədli şübhəli şəxs qismində saxlanılıb. T.Süleymanovdan şəxsi axtarış zamanı 1 ədəd şüşə qabda 59,4 qram metallik civə aşkar edilib. Toğrul Səmədlinin ətrafında davam etdirilən tədbirlərlə onun yaşadığı ünvanda və Talalar kəndində bibisinin evində civə saxlaması müəyyən edilib. Həmin yerlərə baxış keçirilən zaman ümumi çəkisi 473,1 qram metal parıltıya malik civə aşkar olunaraq götürülüb.
İstintaq zamanı müəyyən edilib ki, T.Səmədli həmin civəni ötən ilin dekabr ayında Məhəmməd Mustafayevlə qabaqcadan əlbir olub, tanışları Balakən rayon sakini Nizami Quliyevin yaşadığı evdən oğurlayıblar.
Həmin tədbirlərin davamı olaraq Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş, rayonun Qullar kənd sakini Nizami Quliyev və cinayət əməlində iştirakı olan digər şəxslər də saxlanılıb. N.Quliyevin yaşadığı evə baxış keçirilən zaman 501,2 qram civə aşkarlanıb.
Faktla bağlı Balakən rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.