Azay Quliyev karantin rejimilə bağlı seçicilərinə müraciət etdi
07 aprel 2020 15:37 (UTC +04:00)

Azay Quliyev karantin rejimilə bağlı seçicilərinə müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü Azay Quliyev koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş karantin rejimi ilə əlaqədar seçicilərinə müraciət edib.

 

Lent.az xəbər verir ki, müraciət deputatın facebook hesabında paylaşılıb.

 

Müraciətdə deyilir:

 

Əziz dostlar,

Koronavirus (COVİD-19) təhlükəsinin artdığı şəraitdə seçicilərimlə bağlı görülən işlər haqqında qısa məlumat verməyi zəruri hesab edirəm.

Bildiyiniz kimi, mart ayının 25-dən etibarən yaşı 65-dən yuxarı olan seçicilərimin karantin rejimi ilə əlaqədar üzləşə biləcəkləri mümkün problemlər haqqında məlumatların operativ qaydada çatdırılması və həlli məqsədilə azayguliyev.az saytı üzərindən "elektron müraciət xidməti" yaradaraq sakinlərin istifadəsinə təqdim etdim. Bundan başqa yaşlı nəslin nümayəndələrinin bir çoxunun internetdən geniş istifadə etmək vərdişinin zəif olduğunu nəzərə alaraq, fəal seçicilərdən ibarət əlaqələndirmə qrupu yaratdım. Hesab edirəm ki, 8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində koronavirusla bağlı vəziyyət, o cümlədən gücləndirilmiş karantin rejiminin tələblərinə əməl edilməsi və mövcud şəraitdə sakinləri narahat edən məsələlər haqqında dəqiq və çevik məlumatın əldə edilməsində bu cür əlaqələndirilmiş fəaliyyətin müsbət rolu olacaqdır.

Bu gün isə mənim təşəbbüsümlə seçicilərim arasında yaşı 65-dən yuxarı, imkansız və xüsusi qayğıya ehtiyacı olan 200 ailəyə ərzaq yardımı, 2000 nəfərə isə koronavirusdan qorunmaq üçün zəruri tibbi ləvazimatlar verilməyə başlanıldı.

Fürsətdən istifadə edib, hörmətli seçicilərimdən bir daha gücləndirilmiş karantin rejiminin tələblərinə ciddi əməl etməyə, ən əsası evdə qalmağa və ümummilli həmrəyliyimizə töhfə verməyə çağırıram.
#bizbirlikdəgüclüyük

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1409
avatar

Oxşar yazılar