Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi karantin rejiminə riayət olunmasının vəziyyətinin təhlili və aparılmış araşdırmalar göstərir ki, hərəkətinə xidməti vəsiqə, arayış, elektron qeydiyyat əsasında icazə verilən şəxslərin əksəriyyəti Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarında müəyyən olunmuş hüquqlardan sui-istifadə edərək iş vaxtı və icazə müddəti başa çatdıqdan sonra, eləcə də qeyri-iş günlərində müvafiq məhdudiyyətlərə əməl etmir, küçələrdə və avtomobil yollarında intensivliyi, eyni zamanda infeksiyanın yayılma riskini artırırlar.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bütün orqan, müəssisə və təşkilatların rəhbərlərindən tələb olunur ki, “icaze.e-gov.az” portalına yalnız əmək müqaviləsi və ya xidməti müqavilə əsasında çalışan şəxs haqqında məlumatları daxil etsinlər. Əməkdaşlarına işdən çıxdıqdan sonra məhz yaşadıqları ünvana qayıtmalarının vacibliyini, verilmiş icazələrdən sui-istifadə hallarına görə inzibati qanunvericiliyə uyğun məsuliyyət daşımalarını izah etsinlər.
Vətəndaşlara evdən yalnız tibbi zərurətlə əlaqədar, ərzaq və dərman almaq, bank və poçt xidmətindən istifadə etmək məqsədilə müəyyən edilmiş qaydada icazə aldıqdan sonra çıxmaq, bu zaman fərdi nəqliyyat vasitəsindən istifadə etməmək, saat 21.00-dan sonra isə yaşadığı ünvanı tərk etməmək tövsiyə olunur.
Özünüzün və ailənizin sağlamlığını qorumaq üçün bir daha məhdudiyyət tədbirlərinə riayət olunmasını xahiş edirik.