AQTA sədri Qoşqar Təhməzli ötən gün İmişlidə baş verən zəhərlənmə ilə bağlı məsələyə münasibət bildirib.
APA xəbər verir ki, sədr əhaliyə müraciət edərək bildirib ki, məhsulları kustar üsulla hazırlayan zaman həddindən artıq diqqətli olsunlar: "Dünən baş verən zəhərlənmə faktı da onu göstərir ki, insanlar ev şəraitində texnologiyaya düzgün əməl etmədən konserv məhsulu hazırlayırlar. Dönərxanalarla əlaqədar ən çox zəhərlənmə faktlarının dönər hazırlayan şəxslərin qida ilə düzgün rəftar etməməsi səbəbindən baş verdiyini aşkarlamışıq. Yəni, bir sıra ərzaq məhsullarının saxlanma şəraitinə düzgün əməl etmirlər. Eyni zamanda ət və ət məhsulları, digər tez xarab olan məhsullarla təmasda olarkən sanitar-gigiyenik qaydaya riayət olunmur".
Qeyd edək ki, ötən gün İmişlidə bir ailə ev şəraitində hazırlanan konserv məhsulunu qəbul etdikdən sonra ailənin bir üzvü dünyasını dəyişib. İki nəfər isə qida zəhərlənməsi diaqnozu ilə xəstəxanada müalicə olunur.