Baş Prokurorluq 2011-ci ildə korrupsiyaya qarşı mübarizə ilə bağlı açıqlama yayıb
09 sentyabr 2011 18:18 (UTC +04:00)

Baş Prokurorluq 2011-ci ildə korrupsiyaya qarşı mübarizə ilə bağlı açıqlama yayıb

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, 2011-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən korrupsiya hüquqpozmaları ilə əlaqədar 133 cinayət işi başlanıb və 147 şəxs barəsində 88 cinayət işi tamamlanaraq baxılması üçün müxtəlif məhkəmələrə göndərilib. Bu cinayətlər əsasən rüşvət alma (passiv rüşvətxorluq), vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, talama, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma və sair faktlarla əlaqədar olub.

Belə ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundan prokurorluğa daxil olmuş, qurumun Suraxanı şöbəsinin maliyyə-uçot sektorunun işçiləri tərəfindən pensiyaların ödənişi və uçotu sahəsində saxtakarlıq edilməklə külli miqdarda dövlət əmlakının mənimsənilməsi barədə material üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən araşdırma aparılaraq cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Səfər Hüseynov Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini icra edərkən pensiyaların qanunvericiliyə uyğun olaraq ödənişini təmin etməli olduğu halda, qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə şöbənin baş məsləhətçisi T.Kərimova, maliyyə uçot sektorunun müdiri K.Muradov, məsləhətçi-mühasiblər K.Hüseynova və qeyriləri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxslə 2008-2010-cu illərdə əvvəllər ailə başçısını itirməyə, əlilliyə və yaşa görə pensiya almış ayrı-ayrı şəxslərin pensiya alma müddətlərinin bitməsinə baxmayaraq, onların hesablarına tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə, cəmi 995.642 (doqquz yüz doxsan beş min altı yüz qırx iki) manat məbləğində pul vəsaitini köçürərək, vətəndaşların bilavasitə özlərindən və onların adından guya itirilmiş kart kimi sifariş verərək əldə etdiyi yeni plastik kartlarla həmin pul vəsaitlərini götürüb şəxsi ehtiyaclarına sərf etməklə ona etibar edilmiş küllü miqdarda özgə əmlakını talayıb. Bundan başqa, istintaqla müəyyən edilib ki, Akif Sərkarov DSMF-nin Suraxanı rayon şöbəsinin maliyyə-uçot sektorunun aparıcı məsləhətçi-mühasibi vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək 2009-2010-cu illərdə iki şəxsin adına köçürülmüş xeyli miqdarda, yəni 5.338 manat məbələğində özgə əmlakını talayıb, öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyərək vəfat etmiş pensiyaçıların adlarına 8.758 manat məbləğində artıq ödənişlər edilməsi ilə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurub. Törətdiyi cinayət əməllərinə görə Səfər Hüseynov qulluq mövqeyindən sui-istifadə etməklə külli miqdarda özgə əmlakını talama, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, həmin şöbənin maliyyə uçot sektorunun müdiri-baş mühasibi Kərim Muradov və qeyriləri cəmi 12 şəxs törətdikləri əməllərə görə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talama) 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Vurulmuş zərərdən ibtidai istintaq zamanı 320.0 min manat vəsaitin dövlətə ödənilməsi təmin edilib.

«Qobu» dəvəçilik üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq sədri Balağa Səmədovun barəsində başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, o, qeyd olunan müəssisənin rəhbəri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdar təşkil edən 14.370 manat dəyərində 353 baş ona etibar edilmiş xırda buynuzlu heyvanları mənimsəmə və israf etmə yolu ilə talayıb, qeyrilərinin cinayət əməlləri nəticəsində cəmiyyətə vurulmuş 60 baş dəvə və 47 baş xırda buynuzlu heyvanların dəyəri olan, ümumilikdə 31.025 manat məbləğində maddi ziyanın ödənilməsi imkanını aradan qaldırmaqla cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib, tamah və sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı edib. Bundan başqa, B.Səmədov xidməti vəzifəsinə laqeyd münasibəti nəticəsində tabeçiliyində olan şəxslərin öhdəsində olan 8.759 manat dəyərində 5 baş dəvənin və 163 baş xırda buynuzlu heyvanların çatışmazlığını vaxtında aşkara çıxarmamaqla cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla səhlənkarlıq edib. Törətdiyi cinayət əməllərinə görə Balağa Səmədov qulluq mövqeyindən sui-istifadə etməklə külli miqdarda özgə əmlakını talama, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı, səhlənkarlığa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313 və 314.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Vətəndaş Üzeyir Cəfərov və Balakişi Cəbrayılovun müraciəti üzrə başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, Aydın Tarverdiyev Salyan rayonu Xıdırlı bələdiyyəsinin sədri vəzifəsində işləyərkən bələdiyyənin ərazisindən 9 ha torpaq sahəsi almaq üçün ona müraciət edən Yusif Cəfərovdan qanunsuz hərəkətlərə, yəni torpaq hərracı və müsabiqəsi keçirmədən, bələdiyyə üzvlərinin xəbəri olmadan sənədləri saxtalaşdırmaqla 9 ha torpaq sahəsinin Y.Cəfərovun arvadı Cəfərova Leyla Ramiz qızının adına rəsmiləşdirməsinə görə 72.0 (yetmiş iki min) manat pul tələb edərək, hissə-hissə 71.0 (yetmiş bir min) manat rüşvət alıb, bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta sənədləri Yusif Cəfərova təqdim edərək torpaq sahəsinin ayrılmasına dair qanunsuz qərar qəbul edib həmin torpağın alqı-satqı yolu ilə vətəndaşın mülkiyyətinə verilməsini təşkil edərək, bələdiyyənin mülkiyyətindən çıxarıb Xıdırlı bələdiyyəsinin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olmaqla zərər vurub və tamah niyyəti ilə vəzifə saxtakarlığı edib.

Bundan əlavə, Aydın Tarverdiyev Xıdırlı bələdiyyəsinin sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, 2010-cu ilin iyun ayında Balakişi Cəbrayılovun adına olan Xıdırlı kəndi ərazisindəki kənd təsərrüfatı təyinatlı 1 ha torpaq sahəsinin təyinatının dəyişdirilməsini təşkil edəcəyini sonuncuya vəd edərək, həyata keçiriləcək sənədləşmənin rüsumu adı ilə 1.800 (min səkküz yüz) manat pulu və torpaq sahəsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakının dövlət reyestrindən Çıxarışın əslini götürüb, həmin Çıxarışı qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etdirib Balakişi Cəbrayılova təqdim edərək hüquq verən rəsmi dövlət sənədini qanunsuz hazırlamaqla saxtalaşdırıb və sonuncunun xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq edib. Aydın Tarverdiyev Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq) 308.2 (ağır nəticələrə səbəbolmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib və cinayət işi tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu müddət ərzində istintaqı aparılıb və hazırda icraatda olan cinayət işləri, habelə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlarla bağlı materiallar üzrə fiziki və hüquqi şəxslərin hüquqları bərpa edilərək onlara vurulmuş 3 milyon 965.0 min manat ziyanın ödənilməsi təmin edilib, zəruri hallarda təqsirləndirilən şəxslərə məxsus əmlak müəyyən edilərək üzərinə həbs qoyulub. Eyni zamanda korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması məqsədilə müvafiq dövlət orqanları və özəl qurumların rəhbərlərinə təqdimatlar göndərilib.

Hazırda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin istintaq şöbəsi tərəfindən müxtəlif sahələr üzrə korrupsiya hüquqpozmaları ilə əlaqədar 86 cinayət işinin istintaqı davam etdirilir. Həmin cinayət işlərinin nəticəsinə dair ictimaiyyətə mütəmadi olaraq məlumat verilməsi təmin ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı:  Ölən və yaralananlar var

Qubada "Lexus" dərəyə aşdı: Ölən və yaralananlar var

15 dekabr 2024 , 20:47
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26