Sovet tarixinin ən dəhşətli nəqliyyat qəzasından 22 il ötür – FOTO
04 iyun 2011 09:22 (UTC +04:00)

Sovet tarixinin ən dəhşətli nəqliyyat qəzasından 22 il ötür – FOTO

SSRİ-nin qürub çağı. Gecənin bir aləmində Ufa yaxınlığında baş verən qəza nəticəsində ABŞ raket hücumuna qarşı ilkin xəbərdarlıq sistemi işə düşdü.

Dəmir yol xətti yaxınlığından keçən neft kəmərinin partlaması nəticəsində 575 nəfər həlak oldu, 600 nəfər xəsarət aldı (rəsmi statistika). Lent.az bu faciənin təfərrüatlarını təqdim edir. Bəri başdan deyək ki, bu qəza SSRİ ərazisində ən böyük, dünyada isə ikinci böyük dəmir yol qəzasıdır (Ən böyük qəza 1981-də Hindistanda baş verib).

Qərbi Sibir-Ural-Volqaboyu neft xəttinin tikintisinə dair qərar 1981-ci ildə verilmişdi. 1983-cü ildə işə düşməli olan kəmərin profili sonradan dəyişdirilir. Sovet standartlarına görə, sıxılmış qaz ötürən kəmərin diametri 400 mm-dən çox olmamalı idi. Lakin layihə dəyişən zaman bu tələb qulaqardına vurulur və 720 mm-lik boru qaz üçün uyğunlaşdırılır. 1984-89-cu illərdə kəmərdə 50 ciddi qəza baş versə də, xoşbəxtlikdən heç kəs xəsarət almır. Lakin...

4 iyun 1989-cu il. Başqırdıstan, Çelyabinsk vilayətinin Aşa şəhəri. Yerli vaxtla saat 01.15-də 2 qatar üz-üzə gələrkən güclü qaz partlayışı baş verir. Hər iki qatarda ümumilikdə 38 vaqon və 1284 sərnişin vardı. Qəza zamanı 11 vaqon yoldan çıxır, 7 vaqon isə tam yanır. Qalan 27 vaqonun da səthi yanır. Hadisədə 575 nəfər həlak oldu, 600-dən çox insan xəsarət aldı. 181 uşaq da faciə qurbanları arasında idi (digər məlumata görə, 645 nəfər həlak olub).

Ekspertlərin rəyinə görə, partlayışın gücü 12 kiloton olub. Müqayisə üçün deyək ki, Xirosimaya atılan bomba 16 kiloton gücündə idi. Partlayışdan bir neçə saniyə sonra ABŞ raket hücumuna qarşı ilkin xəbərdarlıq sistemi işə düşüb. 10 kilometr radiusda isə bütün evlərin pəncərələri sınıb. Alovu 100 km məsafədən müşahidə etmək mümkün olub. Qəzada 350 metr dəmiryol xətti, 1500 metr kontakt xətti sıradan çıxıb, 250 hektar meşə yanıb.

Rəsmi versiya

Hadisədən 3 saat əvvəl manometrlər sistemdə təzyiqin kəskin azaldığını qeyd edib. Növbətçilər isə problemi axtarmaq əvəzinə xəttə əlavə qaz verərək təzyiqi artırmağa çalışıblar. Nəticədə boruda 1.7 metr uzunluqda dəlik əmələ gəlib. Borudan çıxan sıxılmış qaz tədricən çökəklikdə toplanıb və “qaz gölü” əmələ gəlib. Əvvəlki qatarların maşinistləri ərazidən güclü qaz iyi gəlməsi barədə xəbər versələr də heç kəs buna məhəl qoymayıb. Novosibirsk-Adler və Adler-Novosibirsk qatarları bu ərazidən keçərkən pantoqrafdan çıxan qığılcım nəticəsində qaz alışıb. Digər bir versiyaya görə, qatarlar üz-üzə gələrkən tormozlama zamanı baş verən qığılcım faciəyə səbəb olub. Dəmir yol xəttindən çıxan cərəyanlar isə (fizikada buna Fuko cərəyanı deyilir) boruda gözlə görünməyən korroziyaya yol açıb. Sonuncu təzyiq artımı isə borudakı dəliyin sürətlə böyüməsinə səbəb olub.

Hadisəni ABŞ xüsusi xidmət orqanlarının törətdiyini iddia edənlər də var. Lakin bu fikirlər tam təsdiqini tapmayıb.

Qəza zamanı SSRİ-yə külli miqdarda maddi ziyan dəyib. Ölkənin Şərq hissəsi ilə dəmir yol əlaqəsi kəsilib.

Vüqar Ələsgərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549

Oxşar yazılar