İrandan Azərbaycana narkotik gətirən 3 qrup zərərsizləşdirilib
05 may 2009 12:30 (UTC +04:00)

İrandan Azərbaycana narkotik gətirən 3 qrup zərərsizləşdirilib

MTN-in keçirdiyi əməliyyat nəticəsində qrup üzvlərindən 56 kq narkotik götürülüb

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan üç qrup ifşa olunaraq zərərsizləşdirilib.


MTN ictimai əlaqələr mərkəzindən Lent.az-a bildirilib ki, onlardan 56 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.


Belə ki, Astara rayon sakinləri – Pərviz Əliyev, İlham Səmədov və Asəf Qasımov, Bərdə rayon sakinləri - Asəf Əzimov və Saleh Məmmədov, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.


Məlum olub ki, yuxarıda adları çəkilən şəxslər arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdikləri narkotiki Pərviz Əliyev və İlham Səmədov Xəzər akvatoriyasının Astara rayonu ərazisi istiqamətində onlardan qəbul edib və Asəf Qasımovla birlikdə sahildə gizlədiblər. Pərviz Əliyevin tapşırığı ilə İlham Səmədov və Asəf Qasımov həmin narkotik vasitələri Astara rayonunun Kələdəhnə kəndində Asif Əzimov və Saleh Məmmədova təhvil verib və onlar da narkotikləri gəldikləri “Mercedes” markalı avtomobilə yükləyiblər.

Bundan sonra Asəf Əzimov və Saleh Məmmədov həmin narkotikləri əvvəlcədən Astara rayonunun çıxacağında saxladıqları “BMW-X5” markalı avtomaşında gizlətmişlər. Sonra Asəf Əzimov “BMW-X5”, Saleh Məmmədov isə “Mercedes” markalı avtomobillərdə Bərdə rayonu istiqamətində hərəkət edərkən, Lənkəran şəhərində MTN əməkdaşları tərəfindən saxlanılıblar. Keçirilən baxış zamanı “BMW-X5” markalı avtomaşında gizlədilmiş 40 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb.


MTN tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Astara rayon sakinləri - Ağagül Abbasquliyev, Alim Abbasov və Sumqayıt şəhər sakini Kamal Əliyev saxlanılmış, onlardan 4 kiloqrama yaxın heroin aşkar olunaraq götürülüb.


Müəyyənləşdirilib ki, yuxarıda adları çəkilən şəxslər, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər. Əvvəlcədən əldə olunmuş razılığa əsasən, Ağagül Abbasquliyevin tapşırığı ilə Alim Həsənov İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdikləri həmin narkotiki Astara rayonunun Pəlikeş kəndinin ərazisində onlardan qəbul edib meşədə gizlədib. Sonra Ağagül Abbasquliyev Alim Həsənova narkotik vasitəni Sumqayıt şəhərinə aparmağı tapşırıb, bunun müqabilində ona 8 min ABŞ dolları veriləcəyini vəd etmiş və sonuncu bununla razılaşıb.


Bundan sonra Alim Həsənov narkotik vasitələri idman çantasında Bakı şəhərinə gətirib və Kamal Əliyevlə Sumqayıt şəhərinin girəcəyində görüşmək barədə razılaşıblar. Alim Həsənov Kamal Əliyevin təlimatına əsasən taksi maşınında Sumqayıta gəlib və onlar burada görüşən zaman Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı onlardan 4 kiloqrama yaxın narkotik vasitə olan heroin, Kamal Əliyevdən isə Alim Həsənova vəd olunan 8 min ABŞ dolları məbləğində pul aşkarlanaraq götürülüb.


MTN tərəfindən keçirilən daha bir əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Yardımlı rayon sakinləri - Məlik Bəşirov, onun qardaşı Fəxrəddin Bəşirov, Zəkulla Cəfərov və İslam Əkbərov da saxlanılmış, onlardan 12 kiloqramdan artıq narkotik vasitələr – heroin, həşiş və tiryək aşkar olunaraq götürülüb.


Məlum olub ki, yuxarıda adları çəkilən şəxslər, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.


Hər üç faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işləri başlanılıb.


Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1120

Oxşar yazılar