Aslan İsmayılov: “Xahiş edirəm, bu kitabı oxuyun” - MÜSAHİBƏ
13 iyul 2010 15:45 (UTC +04:00)

Aslan İsmayılov: “Xahiş edirəm, bu kitabı oxuyun” - MÜSAHİBƏ

Fəlsəfə doktoru, tanınmış vəkil, “Sumqayıt – SSRİ-nin süqutu” kitabının müəllifi Aslan İsmayılovun Lent.az-a müsahibəsi

- Siz “Sumqayıt – SSRİ-nin süqutu” kitabını nə üçün yazdınız?

- Bu sənədləri, arxivi 21 il saxlayıb birdən-birə ortaya çıxarmağım doğrudan da çoxları üçün maraqlı oldu. Bunun bir neçə səbəbi var. Ən birinci səbəbi odur ki, mən hansı işlə məşğul olmuşamsa, onu ən keyfiyyətli görmək istəmişəm. Orta məktəbdə oxuyanda da keyfiyyətli oxumuşam, futbol oynayanda da ən yaxşı oynamaq istəmişəm, görəndə ki, ən yaxşı oyunçu ola bilmirəm, oynamamışam. Mən tarixçi deyiləm, yazıçı da deyiləm. Məlum hadisələr 1989-cu ildə olub. Həmin vaxt ölkənin bütün rəhbərlərinin münasibətini görəndən sonra anladım ki, bu məsələni qaldırmağın yeri yoxdur. Əgər arxivlərə fikir verilsə, bu məsələni 1996-cı ildən başlayaraq “Yeni Müsavat” qəzeti və ANS TV vasitəsilə qaldırdığım görünər. Niyə məhz 1996-cı ildən? Çünki həmin vaxtda mən gördüm ki, atıq ölkədə oturuşmuş quruluş var, bu məsələni qaldırmağa başladım. Hər il Sumqayıt hadisələri ərəfəsində bu məsələni qaldırmışam, lakin nə cəmiyyətin, nə də hakimiyyətin buna münasibətini görmüşəm. Bu il bir televiziya verilişindən sonra isə mənə yüzlərlə telefon zəngi oldu. Sanki başqa bir məmləkətdə idim. Bu məsələ ilə müxtəlif instansiyalarda da maraqlanmağa başladılar. Buna görə məni ittiham da elədilər. Hətta yazdırdılar ki, “Aslan İsmayılov günahlarını ört-basdır etmək üçün şantajla məşğul olur”. Göstərdiyim hallar məni bu kitabı yazmağa vadar etdi.

- Hansı günahlardan söhbət gedir?

- Orada bir neçə məsələ var idi. Məni az qala yalanda suçlayırdılar, guya dediklərim həqiqətə uyğun deyil. İkincisi, məni erməni tərəfkeşi, azərbaycanlıların düşməni kimi təqdim etmək istəyirlər. Guya mən azərbaycanlı Vaqif Hüseynova güllələnmə cəzası və başqa azərbaycanlılara da ağır cəzalar istəmişəm. Üçüncüsü, niyə mən bu iş üzrə protest verməmişəm və sair. Hansı ki bunların heç birinin mənə aidiyyatı yoxdur. Məsələn, protest verməyə mənim hüququm olmayıb.

Kitab çapdan çıxandan sonra mənə məlum oldu ki, bununla bağlı ən yüksək səviyyədə maraqlanılıb. Respublika Prokurorluğunda “Sumqayıt işi” təzələnib, yenidən istintaq işi aparılır. Məndə bu barədə dəqiq məlumat var. Ancaq bu məsələ ən yüksək səviyyədə müdaxilədən sonra oldu. Neçə illərdi bu deyilirdi, bəs niyə araşdırmırdılar? Bəlkə Aslan İsmayılovun dedikləri yalan idi? Əvvəllər mənə demişdilər ki, həmin cinayət işinin materialları Azərbaycanda deyil. Guya Stavropoldadır. Dedim ola bilməz, burdadır. Həmin şəxs iki gün sonra zəng vurub dedi ki, bəli, materiallar burdadır. Deməli, istəyəndə tapmaq olar, istəyəndə iş görmək olar. Hazırda respublikanın bütün aidiyyatı dövlət qurumlarında məsələ ilə bağlı iş gedir. Sadəcə bir şeyə təəssüf edirəm ki, aparılan işlə bağlı mənə heç nə deyən yoxdur. Yalnız eşitdiklərim var. Ancaq mənə heç nə demədən o işi aparanlara da təşəkkür edirəm. Sağ olsunlar ki, işi aparırlar. Əsas odur iş getsin.

Bildiklərimi yazıb kitab şəklində çap etdirmişəm. Müəyyən söhbətlərdən, ölkənin aparıcı tarixçilərindən eşitdiklərim əsasında deyə bilərəm ki, yaxşı alınıb. Ancaq səmimi deyim ki, kitabın belə alınacağını gözləmirdim, ona görə də yazmaqdan çəkinirdim.

- Həm bu işin içində olan bir şəxs kimi, həm də bir hüquqşünas kimi, necə düşünürsünüz, cinayət işinin təzələnməsi perspektivdə nə vəd edir, nə gözlənilir?

- Əgər bu işi araşdırıb, əldə olunmuş nəticələri ağılla dünyaya çatdırılmasını təşkil edə bilsək, sizi əmin edirəm ki, bu, Qarabağ probleminin çözülməsində həlledici rol oynayacaq. Çünki bu cinayət işilə erməniləri dünya qarşısında ifşa etmək olar. Bir şey deyim. Biz bu gün Xocalıdakı faciəli hadisələrlə bağlı soyqırım işi qaldırırıq, bütün dünyada bunun təbliğatını aparırıq. Amma bu çox çətindir. Ən birinci ona görə ki, Xocalı işinin istintaqını aparan şəxslər azərbaycanlılardır. Ermənilər belə məsələlərdə o qədər ustadırlar ki, onlar bütün dünyanı inandıracaqlar ki, bu istintaq işini azərbaycanlılar saxtalaşdırıblar. “Sumqayıt işi”ni saxtalaşdırmaqda isə bizi heç kim ittiham edə bilməz. Çünki cinayət işini SSRİ Prokurorluğu, rus, ukraynalı və digər millətlərin nümayəndələri olan müstəntiqlər aparıb. İşin özəyini təşkil edən istintaq hərəkətləri Yerevanda SSRİ və Ermənistan Prokurorluğunun erməni, rus, ukraynalı müstəntiqlər tərəfindən keçirilib. Məhz bu istintaq hərəkətlərində Sumqayıt hadisələrində Qriqoryanın aktiv rolu öz əksini tapıb. Sizi əmin edirəm ki, ermənilərin bu işin altından çıxma şansı yoxdur. Bu kitabla artıq Azərbaycandan kənarda da maraqlananlar var. Əminəm ki, türklər də bu işdən erməniləri ifşa etmək üçün istifadə edəcəklər.

- Bəs konkret şəxslərin, məsələn, işi quran DTK əməkdaşlarının cəzalandırılması perspektivi də varmı?

- Bilirsiz, söhbət heç də kiminsə məsuliyyətə cəlb olunmasından getmir. Əsas həmin vaxt baş vermiş həqiqətin üzə çıxmasından gedir. Ancaq bu işi törətmiş, hazırda sağ olan insanlardan istifadə etmək, onları dindirmək lazımdır. Bunların hamısı əvəzolunmaz tarixi faktlar olacaq.

Mən kitabı yazarkən dünyanın müxtəlif dillərində getmiş erməni materiallarından gördüm ki, onlar növbəti “soyqırım”ı dünyaya çıxarmağa yüksək səviyyədə hazırlaşırlar. Kitab çapdan çıxandan 20 gün sonra mətbuatda oxudum ki, Ermənistanın qəbul etdiyi Hərbi Doktrinada “Sumqayıt soyqırımı” üçün ayrıca yer ayrılıb. Bu kitabın və görüləcək işlərin həm də əhəmiyyəti onda olacaq ki, biz ermənilərin qaldırdığı həmin soyqırım iddiasının qarşısını alacağıq.

- Ancaq hər halda, kitab yalnız Azərbaycan dilində qalsa, yaxud əcnəbi dillərə tərcümə olunsa belə, dünyada lazımınca təbliğ olunmasa, onun əhəmiyyəti azalacaq...

- Hazırda kitabın türk və rus dillərinə tərcüməsi gedir. Həmin tərcümələr kitabla bağlı oğlanlarım tərəfindən yaradılmış və bu kitabdan da əhəmiyyətli olan www.sumgayit1988.com saytına əlavə olunacaq. İmkanım çərçivəsində kitabı ingilis dilinə də tərcümə etdirəcəyəm. Ümumiyyətlə, nəyə gücüm çatsa, onu əsirgəməyəcəm. Yaymaq məsələsində də əlimdən gələni edəcəyəm. Ancaq əgər dövlət dəstəyi olmasa, bu kitabı dünya səviyyəsində lazımi cür təbliğ etmək mümkünsüzdür.

- “Sumqayıt işi”nin hakimi Mənsur İbayevlə bağlı nə deyə bilərsiniz? Yazdıqlarınızdan belə görünür ki, o, heç də ədalətli hökm çıxarmayıb...

- Mənsur İbayevlə bağlı yazdıqlarımda məqsəd heç də onun cəzalandırılmasına nail olmaq deyil. Heç cəzalandırılmasının tərəfdarı da deyiləm. Çünki yaşlı adamdır, 70-dən artıq yaşı var. Ancaq bir şey var ki, “Sumqayıt işi”ni ermənilər yox, bizimkilər “batırıb”. Bu işin burada “batırılmasını” sübut etmək üçün Mənsur İbayevin adını hallandırıram. Bir də ki, M. İbayev sadə icraçıdır, başda kimlər durub, kimin sifarişini yerinə yetiriblər önəmlisi budur.

- Mənsur İbayevin bu mövzuda yazması, yaxud danışması nə qədər xeyirli olardı?

- Xeyirli olardı yox, hətta vacibdir! Bu gün Mənsur İbayevin danışa biləcəyi yazdığım kitab qədər material var. O vaxt o və başqaları Mərkəzi Komitədən, yoxsa DTK-dan qorxmuşdular? Bəlkə hədə-qorxu olmuşdu? Mütləq danışmalıdırlar. Artıq bu gün mənə dəqiq məlumdur ki, “Qriqoryan işi” Azərbaycan KP MK-də müzakirə predmeti olub. Bir şeyi də deyim ki, şəxsən mənə bu işlə bağlı heç vaxt hədə-qorxu olmayıb.

- Sizə hədə-qorxu gəlinməməklə yanaşı, işdən də kənarlaşdırılmamısınız. Nə idi bunun səbəbi?

- İşdən kənarlaşdırılmamağımın yəqin bir səbəbi var idi. Mən, məsələn, görəndə ki, məhkəmədə edəcəyim çıxışla razı deyillər, heç nə demədim. Yalnız vaxt uddum ki, gedib məhkəmədə o çıxışı edim. Səmimi deyirəm: o çıxışdan sonra təxminən bir il müddətində hər an gözləyirdim ki, hansısa problemim olacaq. Ancaq olmadı. Ümumiyyətlə, heç nə demədilər. Bunun bir neçə səbəbi ola bilər. Birincisi, o vaxtkı SSRİ rəhbərliyi üçün lazım olan qərar alındı, həmin işdə prokurorun nə çıxış etməsi heç kim üçün vacib olmadı, bəlkə də bilmədilər. İkincisi, ola bilər ki, mənim çıxışım “yuxarılara” – məsələn, SSRİ Prokurorluğuna çatdırılmayıb. Bu məsələdə Azərbaycan SSR Prokurorluğunun rəhbərliyinin məni qoruması faktının olmasını da istisna etmirəm.

- Bəs Siz 31 yaşında bu cür araşdırmalar apararkən, DTK-nı ittiham edərkən qorxmurdunuzmu?

- Əlbəttə qorxu hissim olub. Mən gözəl başa düşürəm ki, ailə nədir, uşaq nədir, təhlükə nədir. Hər bir ağlı başında olan adam kimi məndə də qorxu hissi olub. Maddi təminatım da olmayıb, əvəzində, üç azyaşlı uşağım olub. Ancaq bu prosesin Azərbaycan dövləti üçün nə qədər əhəmiyyətli olduğunu nəzərə alaraq buna getmişəm. Əminəm ki, hələ də əksəriyyət bu işin əhəmiyyətini tam dərk etməyib. Əgər belə olmasa kitabda göstərilənlərdən əksəriyyət, ələlxüsus gənclər bixəbər olmazdılar. Bir də kitaba bu cür ögey münasibət olmazdı. Əgər problem mənim adımla bağlıdırsa, adımın müəlliflikdən çıxarılmasına razıyam, təki kitabda olanlar təbliğ olunsun. Bəzən telekanallarda, mətbuatda heç bir əhəmiyyət kəsb etməyən məsələlər günlərlə müzakirə olunur, kitabın müzakirəsinə isə nədənsə vaxt tapılmır. Bu münasibəti həm iqtidar, həm də bolluca vətənpərvərlikdən yazan müxalifət mətbuatından görürəm. Əminəm ki, bu dəfə də Prezidentə kitabla bağlı yazdığım məktub çatarsa, hər şey yerini tutacaq.

- Yazdığınız kitab “Sumqayıt işi”ni SSRİ DTK-sının təşkil etdiyini, qurduğunu sübut edir. Ancaq bu işdə nə üçün erməni millətinin nümayəndəsi olan Qriqoryandan istifadə edilib? Axı daha inandırıcı olması üçün bu məsələdə istifadə olunacaq bir nəfər azərbaycanlı cinayətkar da tapa bilə, bununla da Sizə indiki detallı sübut imkanını verməzdilər...

- İndi gəldik ən əsas məqamlardan birinə. İndi məni ittiham edənlər də “Bax dünyaya kələk gələn DTK işi bu qədər ağılsız qurdu ki, Aslan İsmayılov onları ifşa etsin?!” deyir. Əslində, DTK bu işi çox gözəl qurub! Bu işi DTK həmin vaxtın sabahısı üçün, bəlkə hətta bu gün üçün də hesablayıb. DTK-dakıların ağlı o qədər kəsmirdi ki, işdə azərbaycanlıdan yox, ermənidən istifadə etsin? İstəsəydilər bu cür neçə azərbaycanlı tapa bilərdilər. Hər bir millətdə satqın, qatı cinayətkarlar var. Bizdən də bir-ikisini tapıb, elə onların əliylə təşkil edərdilər. Ancaq azərbaycanlının deyil, erməninin əlilə etdilər. Bu, artıq böyük siyasətin tərkib hissəsi olan əməllərdir. Həmin vaxt SSRİ mövcud idi. O dövrdə Azərbaycan SSR hakimiyyət olaraq SSRİ-nin tərkibindən çıxmaq istəmirdi. Ancaq Ermənistan hələ 1987, 1988-ci ildən Avropa və Amerikaya inteqrasiya olunmaq üçün SSRİ-nin tərkibindən çıxmaq istəyirdi. Əslində, DTK Qriqoryanı bu işə qoşmaqla Ermənistana və ermənilərə bir tələ qurmuşdu ki, lazım olanda sabahı gün həmin tələdən istifadə etsin. Yəni, səhəri gün SSRİ-dən çıxmaq barədə konkret addım atanda, ermənilərə qarşı “Sumqayıtı siz özünüz təşkil etdiniz” ittihamını irəli sürsünlər. Qriqoryanı bu işə qoşmaqla bir növ əlyeri qoyublar. Bu əlyeridən bu gün də istifadə olunur. Azərbaycan xalqının qatı düşməni olan Jirinovskinin Rusiya xüsusi xidmət orqanlarıyla əlaqəsi heç bir şübhə doğurmur. Dövlət Dumasında Jirinovskinin erməni Boqdasarayanla mübahisəsi olan zaman məhz bu faktdan istifadə etdi. Ona dedi ki, səsinizi kəsin, siz hələ gedib cavab verin ki, Sumqayıtda qırğını necə törətdiniz? Sabah Ermənistan for-post olmaqdan imtina etdikdə, bu “kozır”ı özləri çıxaracaqlar ki, vaxtilə Sumqayıtda qırğını özünüz törətmisiniz. Qriqoryanın bu işə cəlb olunması bununla da aydın olur.

- Kitabda bu işi DTK-nın təşkil etməsi, Qriqoryanın kütləyə necə istiqamət verməsini göstərmənizlə yanaşı, konkret adlar çəkərək azərbaycanlıların törətdiyi cinayətləri də qabartmısınız. Bu faktların məhz “iş üzrə azərbaycanlı dövlət ittihamçısının” tərəfindən səslənməsindən erməni tərəfi yararlana bilərmi?

- Əminəm ki, məni ləkələmək istəyənlər bu məqamdan da istifadə edəcəklər. Söhbət bizimkilərdən gedir. Bu kitabı yazanda bilirdim ki, mənim üçün nə qədər təhlükə mənbəyi ola bilər. Elə, ən çox qorxduğum başqaları yox, məhz bizimkilər idi. Axı mənim bu kitabda və tam həcmini “sumgayit1988.com” saytında verdiyim ittiham aktı ermənilərdə də var. Onlar bu işdən başqa digər işlər üzrə də bütün materialları saytlarda yerləşdiriblər. Bu işi isə Qriqoryansız veriblər. Məsələn, Emma Qriqoryan adlı 60 yaşlı qadına qarşı törədilən cinayətin detallarını bütün erməni saytlar yerləşdirib. Ancaq elə həmin epizodda da işlərə Qriqoryanın başçılıq etdiyini heç kəs bilmir. Bu məsələdə məni ittiham edənlər əvvəlcə gedib o saytlara baxsın, sonra danışsınlar. Sumqayıt hadisələri ilə bağlı bütün materiallar detallarına qədər ermənilərin saytlarında var.

- Siz, “Sumqayıt işi”ndə azərbaycanlı Vaqif Hüseynova ölüm hökmü istəməkdə də günahlandırılırsınız. O vaxtkı mövqeyinizə görə peşman deyilsiniz ki?

- Həmin vaxt mənim 31 yaşım vardı, indi 52 yaşım var. Mən həmin işə indi də baxsam, eyni mövqedən çıxış edərəm. Ona görə ki, milliyyətindən asılı olmayaraq cinayətkar hərəkətinə görə layiqli cəza almalıdır. İkincisi, təsəvvür edin ki, eyni iş üzrə yalnız bir erməniyə ölüm hökmü verilir, qalan cinayətkarlar, yəni azərbaycanlılar azadlığa çıxır. Dünya bunu necə qəbul edərdi? Bu addımın qərəzdən başqa adı olardımı?

- Kitabda Heydər Əliyevin də adı çəkilir. Şəxsən Siz necə hesab edirsiniz, həmin vaxt Heydər Əliyev SSRİ Siyasi Büronun üzvü, yaxud Azərbaycan SSR Mərkəzi Komitəsinin birinci katibi olsaydı, Sumqayıt hadisəsi baş verərdimi?

- Xeyr, baş verməzdi. Çünki onun dövründə də bu cür cəhdlər olmuşdu. Kitabla bağlı qəzetdə yazı yazanlar bircə cümlə yazırlar ki, bu, gərəkli kitabdır. Sonra da yazırlar ki, Qorbaçovu söyməyə cəsarət edən Aslan İsmayılov Heydər Əliyevi tənqid etməkdən çəkinir. Bu kitabda Heydər Əliyevlə bağlı bəlkə 50 səhifə də yazmaq olardı. Orada da qeyd edirəm ki, siyasi spekulyasiya predmeti olmaması üçün bundan vaz keçirəm. Kitabla bağlı “Azadlıq” qəzetində bir səhifə yazı yazılmışdı. Şəxsiyyətinə hörmət etdiyim birinin yazdığı o məqalədə deyilirdi ki, ölkədə olan bugünkü korrupsiyadan danışmağa qorxur. Axı mən heç vaxt nədənsə danışanda qorxmamışam. İstərdim ki, belə şeyi yazanın içində bir az ədalət hissi də olsun. Məni ağrıdan odur ki, bu kitaba nə hakimiyyət, nə də müxalifət yiyə durur. İkisi də çalışırlar ki, bu kitaba görə məni ittiham etsinlər. Ona görə ki, hər ikisi müstəqil fikri qəbul etmir. Mən başqa sahələri tənqid edə bilərəm. Amma Heydər Əliyevin milləti qorumaq sahəsindəki əməyini danmaq ədalətsizlik olardı. Bir də bu kitabda Heydər Əliyevin bu sahədəki fəaliyyətinə onsuz da mən az yer ayırmışam.

- Bu müsahibə üçün son sözünüz.

- Bu kitabın yazılmasında mənə ancaq ailəm kömək edib. Lakin kitabla bağlı redaktə işlərinə görə Elxan Şükürlüyə təşəkkür edirəm. Mən hər kəsdən xahiş edirəm ki, bu kitabı oxusunlar. Əminəm ki, bu kitabı oxuyan hər kəs fayda görəcək və aldığı bilgilərdən istifadə edərək azərbaycanlıları dünyaya pis tərəfdən tanıtmış erməni millətçilərinin ifşa olunmasında sübutlarla danışa biləcəklər.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880

Oxşar yazılar

Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10