Nazirlik və Dövlət Fondunun əməkdaşları barəsində cinayət işi başlanıb
08 iyun 2010 11:15 (UTC +04:00)

Nazirlik və Dövlət Fondunun əməkdaşları barəsində cinayət işi başlanıb

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumatda bildirilir ki, məhkəməyə göndərilən cinayət işləri rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, səhlənkarlıq, özgə əmlakını talama, dələduzluq və əhalinin sosial müdafiə hüquqlarının təmin olunması sahəsində neqativ hallara qarşı mübarizə ilə bağlı olub.

Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin müdiri Allahverdi Əliyevin qulluq mövqeyindən sui-istifadə edərək özgə əmlakını mənimsəməsi faktı üzrə başlanmış cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilib ki, Allahverdi Əliyev həmin vəzifədə işləyərkən ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədi ilə şöbənin baş mühasibi Ömər Bayramov, məsləhətçi Mehman Hüseynov, rayon poçt filialının Aşağı Ağcakənd qəsəbə poçt şöbəsinin rəisi Hidayət Süleymanov və qeyriləri ilə qabaqcadan əlbir olub. Onlar cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 2007-ci ilin noyabrından 2009-cu ilin yanvarınadək olan müddət ərzində 64 nəfər, o cümlədən 51, ümumiyyətlə, mövcud olmayan şəxsə dair ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə əsas verən sənədləri saxtalaşdırıblar. Saxta sənədlər əsasında pensiya işlərinin açılmasına, plastik ödəmə kartlarının sifarişlərinin verilməsinə, pensiya məbləğlərinin hesablanması və ödənişə göndərilməsinə nail olunub. Qrupun üzvləri həmin sənədləri imzalayıb möhür vurmaqla təsdiqləyərək vəzifə saxtakarlığı edib, ilkin və aylıq məbləğləri ilə birlikdə Yeganə Hacıyeva və qeyrilərinə (cəmi 64 nəfər) əmək pensiyalarının təyin edilməsini təmin ediblər. Allahverdi Əliyev pensiyaçıların "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətində açılmış şəxsi hesablarına köçürülmüş cəmi 310 min 663 manat məbləğində vəsaiti M.Behbudov, H.Süleymanov, Ö.Bayramov, M.Hüseynov və A.Əkbərovun vasitəsilə Goranboy rayon poçt filialının Aşağı Ağcakənd qəsəbə poçt şöbəsində 9 nömrəli əlavə (P2) formalar, müxtəlif banklarda və bankomatlarda plastik kartlar vasitəsilə ayrı-ayrı vaxtlarda nəğdləşdirərək dövlətə külli miqdarda ziyan vurub. Bundan başqa, o, Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin müdiri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə özgənin külli miqdarda əmlakını dələduzluq, yəni etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə şöbənin işçilərinə şöbədə aparılmış yoxlama zamanı aşkar edilmiş əsassız ödənişlərin bərpa edilməsi üçün pul yığmaq lazım olduğunu bildirib. İşçiləri yığılacaq pul vəsaitinin maddi ziyanın ödənilməsinə yönəldiləcəyinə inandıraraq 2009-cu ilin fevral-mart ayları ərzində Goranboy rayonunda cəmi 10 min 900 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Törətdikləri əməllərinə görə Allahverdi Əliyev Cinayət Məcəlləsinin 179.3.2, 178.3.2, 308.2 və 313-cü, Mikayıl Behbudov Cinayət Məcəlləsinin 179.3.2, 320.1, 320.2-ci, Ömər Bayramov və Hidayət Süleymanov Cinayət Məcəlləsinin 179.3.2, 313, 308.2, 320.1 və 320.2-ci, Azər Əkbərov Cinayət Məcəlləsinin 179.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs, Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddəsi ilə ittiham olunan Mehman Hüseynov barəsində isə digər qətimkan tədbiri seçilməklə cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilib.

Bundan başqa, aparılmış yoxlamalar zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli əhalinin sosial müdafiəsi mərkəzlərinin fəaliyyətində bir sıra cinayət xarakterli qanun pozuntuları müəyyən edilib. Həmin faktlar üzrə Sumqayıt şəhər və Bakının Nizami rayon əhalinin sosial müdafiə mərkəzlərinin ayrı-ayrı əməkdaşlarının vətəndaşlardan müxtəlif məbləğlərdə pul almaqla onlara sosial yardımların ayrılması, digər hallarda isə vətəndaşlara veriləcək yardımların ilk 3-5 ayının pul vəsaitlərinin götürülməsi faktları üzrə cinayət işləri başlanılaraq ibtidai araşdırma aparılıb.

İstintaq zamanı müəyyən edilib ki, Sumqayıt Şəhər Əhalinin Sosial Müdafiə Mərkəzində ünvanlı sosial yardım sektorunda baş məsləhətçi vəzifəsində işləyən Rəşid Həsənov və Rəşad Yaqubov, həmçinin Bakı şəhəri, Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi işləyən Namiq Məhərrəmov ünvanlı sosial yardım almaq üçün müraciət edib şəxslərə ayrılmış ünvanlı sosial yardımların ilk iki-üç ayının pulunu götürəcəyini onlara bildiriblər. Həmin şəxslərin təqdim etdiyi sənədlər əsasında onlara ünvanlı sosial yardımlar təyin olunduqdan sonra, onların adına alınan plastik kartları və kartların pin kodlarını götürərək bankomatlarda istifadə edərək Sumqayıt şəhəri üzrə vətəndaşların 2 min 010 manat, Nizami rayonu üzrə isə 2 min 926 manat məbləğində pulunu götürərək mənimsəmə yolu ilə özgə əmlakını talayıblar.

Hər iki cinayət işi üzrə vətəndaşlara dəymiş ziyan ödənilməklə göstərilən cinayət əməllərini törətmiş R. Həsənov, R. Yaqubov və M. Məhərrəmov Cinayət Məcəlləsinin 179.2.2-ci, 179.2.3-cü və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində olan cinayət işləri baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar