Nigar Yaqublunun məhkəməsi başlayıb
13 noyabr 2012 19:00 (UTC +04:00)

Nigar Yaqublunun məhkəməsi başlayıb

Abşeron Rayon Məhkəməsində Müsavat Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilir.

APA-nın xəbərinə görə, hakim İlham Kərimovun sədrliyi ilə keçirilən iclasda vəkillər Nemət Kərimli, Adil İsmayılov və Elton Quliyev istintaqın düzgün aparılmadığını, müdafiə etdikləri şəxs barəsində həbs-qətimkan tədbiri qərarının qanunsuz olaraq verildiyini bildiriblər. Vəkillər eyni zamanda həmin məhkəmə prosesinə sədrlik edən hakim İlham Kərimova da etiraz ediblər.

Müdafiə tərəfi eyni zamanda qeyd edib ki, N. Yaqublu barəsində seçilən həbs-qətimkan tədbirinin vaxtı noyabrın 11-də başa çatıb. Həmin gün istintaq orqanının müraciəti olmasa da, hakim İlham Kərimov bu müddəti qanunsuz olaraq 3 gün uzadıb. Vəkillər hakimə bununla da bağlı etiraz ediblər. Hakim isə etirazın baxılmamış saxlandığını, bunun üçün daha yuxarı instansiyaya müraciət olunmasının doğru olduğunu qeyd edib.

Vəkillər N. Yaqublu barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən vəsatətə baxılan zaman bunun rədd olunduğunu xatırladaraq hakimin məsələyə qərəzli yanaşdığını vurğulayıblar.

Məhkəmə bu vəsatəti müzakirə etmək üçün müşavirəyə gedib.

Müşavirədən sonra məhkəmə vəsatətin baxılmamış saxlanması barədə qərar qəbul edib.

Daha sonra vəkillər N. Yaqublu barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, yol-nəqliyyat hadisəsi ilə bağlı məhkəmə ekspertizasının keçirilməsi, eyni zamanda cinayət işini araşdıran müstəntiqin və N.Yaqublunun atası Tofiq Yaqublunun məhkəmədə şahid kimi dindirilməsi barədə vəsatətlər veriblər.

Müşavirəyə gedən məhkəmə sonra qərarı elan edib. Məhkəmə yalnız müstəntiqin və T. Yaqublunun prosesdə şahid kimi ifadə verməsi barədə olan vəsatəti təmin edib.

Məhkəmə baxışı noyabrın 23-nə təyin olunub.

Qeyd edək ki, N. Yaqublu sentyabrın 11-də saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1204

Oxşar yazılar