Əvəz Zeynallının məhkəməsində şadlıq evinin sahibi ifadə verib
20 sentyabr 2012 19:28 (UTC +04:00)

Əvəz Zeynallının məhkəməsində şadlıq evinin sahibi ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə “Xəmsə” şadlıq evinin sahibi Mürvət Həsənov şahid qismində ifadə verib.

M. Həsənov Ə. Zeynallı ilə qohum olduqlarını bildirib: “Əvəz Zeynallı mənim yaxın dostum Akif Məmmədov barəsində qəzetində silsilə yazılar yazırdı. Akif də həmin yazılardan narahat olurdu. Mən Əvəzdən həmin yazıları yığışdırmasını xahiş etmişəm, ancaq ona pul verilməsinin şahidi olmamışam”.

M. Həsənov daha sonra dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və vəkilin suallarını cavablandırıb. Lakin onun ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə ziddiyyət təşkil etdiyindən şahidin ifadəsinin elan olunmasına qərar verilib. Bundan sonra hakim R. Allahverdiyeva M. Həsənovun ibtidai istintaqa verdiyi ifadəni elan edib.

M. Həsənov ibtidai istintaqa ifadəsində göstərib ki, dostu Akif Məmmədov barəsində yazılan yazıların dayandırılması üçün ortaq tanışları Xanoğlan Muxtarov və Vüqar adlı şəxs Əvəz Zeynallı ilə çayxanada görüşərək, ona 4 min dollar veriblər: “Həmin vaxt Akif Məmmədovla mən yaxınlıqdakı stollardan birində əyləşib baş verənləri izləyirdik. Bu hadisədən sonra qəzetdə Akif Məmmədov barəsində yazılar dayandırılsa da, sonradan yenə davam etdirildi” .

İfadə elan olunduqdan sonra M. Həsənov ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirib. Ə. Zeynallı həbsindən bir həftə sonra M. Həsənovun “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəyə də aydınlıq gətirilməsini istəyib. M. Həsənov isə bildirib ki, həmin gün bir oğlan və bir qız restorana gələrək, toy etməyə hazırlaşdıqlarını, sonradan isə jurnalist olduqlarını və müsahibə istədiklərini bildiriblər: “Mən də onlara müsahibə verdim”. Ə. Zeynallı isə bildirib ki, restorana gedən jurnalistlər “Yeni Müsavat” qəzetinin əməkdaşları olublar: “Mən onların da məhkəməyə çağırılıb dindirilməsini istəyəcəyəm. Görək “Yeni Müsavat” qəzetinin nə marağı var ki, toy adı ilə iki nəfəri restorana göndərib, başqa məsələlərdən danışırlar. Müsahibə üçün normal şəkildə zəng edib görüşmək də olardı” .

Proses sentyabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1054

Oxşar yazılar