Korrupsiya faktı ilə əlaqədar 44 nəfər cinayət başında yaxalanıb
20 sentyabr 2012 10:50 (UTC +04:00)

Korrupsiya faktı ilə əlaqədar 44 nəfər cinayət başında yaxalanıb

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyat-axtarış şöbəsi fəaliyyətə başladığı gündən həyata keçirdiyi 43 əməliyyat tədbiri nəticəsində 44 şəxs cinayət başında yaxalanıb.


APA-nın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib. O qeyd edib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə 18 mart 2011-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər edilərək MDB məkanında, habelə Azərbaycan prokurorluğunun tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi ilə bu sahədə prokurorluq orqanlarının qarşısında çox mühüm və məsuliyyətli vəzifələr qoyulub. Fəaliyyətə başladığı bir ildən artıq müddət ərzində idarənin əməliyyat şöbəsi tərəfindən keçirilmiş 43 əməliyyat tədbiri nəticəsində 44 şəxs cinayət başında yaxalanıb. Bu fəaliyyətin təkcə latent olan rüşvət cinayətlərinin deyil, habelə vəzifədən sui-istifadə ilə bağlı digər cinayət növlərinin aşkar edilməsi istiqamətində genişləndirilməsi, korrupsiya cinayətlərinin açılması üzrə idarənin qoşulması nəzərdə tutulan elektron informasiya bazaları və sistemlərindən istifadə edilməsi, əldə edilmiş məlumatların düzgün və məqsədəuyğun emalı və təhlili, korrupsiyaya qarşı mübarizədə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin müdafiəsi ilə əlaqədar işin gücləndirilməsi nəzərdə tutulur.


Z. Qaralov müsahibəsində bildirib ki, hər bir cinayət, hər bir ictimai təhlükəli əməl obyektə fiziki, mənəvi zərərlə yanaşı, maddi zərər vurulması ilə də bağlı olur. Cinayət təqibi orqanlarının qarşısında duran mühüm vəzifələrdən biri də cinayət törətmiş şəxsi məsuliyyətə cəlb etməklə yanaşı, həmçinin zərərçəkmiş şəxsin pozulmuş əmlak hüquqlarının bərpasından, vurulmuş ziyanın ödənilməsinin təmin edilməsindən ibarətdir. Milli qanunvericilikdə bu nəzərdə tutulsa da, göstərilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə mənimsənilmiş əmlakın bərpasını hər bir halda real olaraq təmin edə bilən çevik və işlək mexanizmin yaradılması və fəaliyyəti üçün xüsusi normativ-hüquqi aktın mövcudluğuna ehtiyac var.


Z. Qaralov həmçinin qeyd edib ki, ictimaiyyətin məlumatlandırılması sahəsində geniş əks-səda doğuran və maraq kəsb edən işlər üzrə məlumatların mütəmadi olaraq prokurorluğun internet səhifəsində yerləşdirilməsi və kütləvi informasiya vasitələrində dərc edilməsi kimi ənənəvi üsullarla yanaşı, korrupsiya cinayətləri üzrə statistik və analitik məlumatları özündə əks etdirən informasiya bülletenlərinin buraxılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797

Oxşar yazılar