Sui-qəsdlə üzləşən diaspor lideri danışdı - FOTO
11 sentyabr 2012 18:19 (UTC +04:00)

Sui-qəsdlə üzləşən diaspor lideri danışdı - FOTO

Bu gün Rusiyanın Ulyanovsk şəhərində Azərbaycan diasporunun lideri İslam Rövşən oğlu Hüseynovun həyatına edilən sui-qəsdin təfərrüatları bəlli olub. Lent.az-ın Ulyanovsk KİV-ə istinadən verdiyi məlumata görə, hücum edənlər iki nəfər olub.
İslam Hüseynov yerli KİV-ə bildirib ki, bu gün günorta saatlarında ofisində vətəndaşları qəbul edirmiş.


“Mühafizəçim İqor kabinetə girib dedi ki, iki nəfər yanıma keçmək istəyir. Mən onları içəri dəvət etdim. Onlardan biri içəri girən kimi səsboğucu tapança çıxardı. Məsələnin ciddi olduğunu dərhal anladım. Dərhal tapançaya əl atdım. Bu dəfə içəri girən ikinci “killer” tapançanı çıxardı. Otaqda əməlli süpürləşmə başladı. Amma onlar mənə tərəf atəş aça bildilər. Güllə başımdan dəymişdi. Yerə yıxıldım. Onlar İqoru da vurdular. Otağı qan götürdü. Birtəhər ayağa qalxa bildim. Onları təqib etmək istəsəm də, taqətim olmadı, yıxıldım. Heyf İqordan. Səkkiz il idi ki, yanımdaydı. Mənə qardaşdan əziz idi. Mən ona ömrüm boyu borcluyam. Ömrüm boyu onun ailəsinin qayğısını çəkəcəyəm”, - deyə o, bildirib.


Diaspor liderimiz jurnalistlərə sensasion açıqlama da verib. O, özünə qarşı sui-qəsddə Rusiya İstintaq Komitəsinin Ulyanovsk vilayəti rəhbərliyini, konkret onun sədri Yevdokimovu, xüsusi işlər üzrə prokuror Kireyevi, müstəntiq Polzunovu və digərlərini günahlandırıb.


“Mən bu adamların adlarını çəkməkdən qorxmuram. Onlar banditlərlə əlaqəlidirlər. Bu barədə Federal Təhlükəsizlik Xidmətinə dəfələrlə şikayət ərizəsi yazmışam. Onlar məni susdurmaq istəyirlər. Mənə qarşı qəzəblidirlər. Hələ sui-qəsdəcən telefonuma hədələyici zənglər gəlirdi. Mənim uşaqlarımı, ailəmi qorxudurdular” - deyə, İslam Hüsevnov bildirib.
Yerli jurnalistlərin yazdığına görə, Rusiya İstintaq Komitəsi isə həmyerlimizin ittihamlarını şərh etməyib.

Səbuhi Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5199

Oxşar yazılar