Milli Məclisin yavz sessiyasının qanunvericilik işlər planına daxil edilmiş “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin təxirə salınması və payız sessiyasında qəbul edilməsi gözlənilir.
Bunu APA-ya müsahibəsində Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
R. Mahmudov deyib ki, “Reproduktiv sağlamlıq haqqında” qanunun payız sessiyasında qəbulu nəzərdə tutulub: “Əlbəttə ki, bu qanunun qəbulu bizi düşündürür, çünki uzun illərdən bəri hamının gözlədiyi məsələdir. Ancaq burada bəzi məqamlar var. İcbari tibbi sığorta öz işinə başladıqdan sonra qanunda yer alan iqtisadi məqamları tənzimləmə mexanizmlərində qarışıqlıq yaranıb. Çünki dövlət proqramına daxil edilmiş sahələr, məsələn, onkologiya, şəkərli diabet, qan xəstəlikləri icbari tibbi sığortaya daxil deyil. Bu məsələləri tənzimləmədən “Reproduktiv sağlamlıq haqqında” qanunu qəbul etmək xaotik vəziyyət yaradar və qanunun funksionallığını təmin etmək çətin olar. Hazırda icbari tibbi sığorta reallığını nəzərə alaraq, ekspertlər, hökumətin aidiyyəti qurumları - İcbari Tibbi sığorta Agentliyi, Səhiyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə müzakirələrdən, mexanizmləri ən optimal vəziyyətə gətirdikdən sonra “Reproduktiv sağlamlıq haqqında” qanunu qəbul etməliyik. Yoxsa qəbul olunmuş qanun işləməyəcək. Prezident İlham Əliyevin də Milli Məclisin ilk iclasında çıxışında qeyd etdiyi kimi, artıq kəmiyyətə deyil, keyfiyyətə önəm verməliyik. Artıq keyfiyyətli və funksional qanunlar qəbul etmək lazımdır”.