Kasıb evindən məhdud imkanlarla çəkib paylaşdığı yemək videoları ilə özünü sevdirən 20 yaşlı sosial media fenomeni, bloger Taha Duymaz baş verən dəhşətli zəlzələ nəticəsində dağıntılar altında qalan minlərlə insandan biridir.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 8 mərtəbəli binanın birinci mərtəbəsində ailəsi ilə birlikdə uçqun altında qalmış Tahanın ailəsi günlərdir həyəcanla xəbər gözləyir.
Artıq 9 gündür Tahanın qardaşı və bacısı müntəzəm şəkildə ondan xəbər çıxmaması barədə məlumatlar paylaşırlar. Tahanın bacısı Semiha Duymaz sosial şəbəkələrdə canlı yayıma çıxaraq məşhurlaşmış qardaşı üçün yardım çağırışları edir.
Elə bu məqam insanlarda şübhə yaradıb. Onlar Tahanın öldüyünü, lakin bacısının bunu sosial şəbəkələrdə izləyici sayını artırmaq naminə gizlətdiyini deməyə başlayıblar.
Semiha Duymaz deyilənlərə etiraz olaraq “yalan, boş xəbərlər yayıb, bizim də ürəyimizi üzməyin. Biz qardaşımıza qovuşmaq ümidindəyik, sizin nəyin dərdindəsiniz?. Arzum məşhurlaşmaq deyil”,- deyə etirazını bildirib.