Ukrayna Prezidenti Vladimir Zelenski bu gün fransalı həmkarı Emmanuel Makron ilə telefon danışığı apardığını deyib. Danışıq zamanı o, Donbassdakı münaqişənin həlli üçün dərhal Təmas Qrupunun toplanmasına və atəşkəs rejiminin tətbiqinə çağırıb.
Lent.az bildirir ki, Prezident bu barədə Twitter səhifəsində yazıb:
“Dünənki söhbəti davam etdirərək, mən Emmanuel Makrona mövcud təhlükəsizlik vəziyyəti və yeni təxribat xarakterli atəşlər barədə məlumat verdim. Biz sülh prosesinin intensivləşdirilməsinin tərəfdarıyıq. Biz üçtərəfli Təmas Qrupunun dərhal çağırılmasının və dərhal atəşkəs rejiminin tətbiqinin tərəfdarıyıq”.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı təxminən yarım saat davam edib.
Bu barədə “BFM” telekanalı məlumat yayıb.
Məlumatda söhbətin təfərrüatları verilmir. Söhbət Makronun Rusiya prezidenti Vladimir Putinlə danışıqlarından sonra baş tutub.
“AFP” agentliyinin məlumatına görə, Fransa və Rusiya Federasiyasının liderləri 1 saat 45 dəqiqə danışıblar.