Trampın qərargah rəhbərinə AĞIR İTTİHAM
ABŞ-da Donald Trampın seçki qərargahının rəhbəri və müşaviri olmuş Pol Manafort və onun tərəfdaşı Rik Geytsə qarşı 12 maddə üzrə rəsmi ittiham elan olunub.
APA-nın xəbərinə görə, təhqiqatı aparan xüsusi prokuror Robert Müllerin ofisi ittihamların məzmunu barədə məlumat yayıb. İttihamlar arasında ABŞ-a qarşı gizli sövdələşmə, çirkli pulların yuyulması məqsədilə əlbir olma, qeydiyyat olmadan xarici agent kimi fəaliyyət göstərmə, xarici banklardakı vəsaitlər barədə hesabat təqdim etməmə kimi məsələlər var.
İttihamda deyilir ki, P. Manafort və R. Geyts Ukraynadakı fəaliyyətlərinə görə (Yanukoviçin prezidentliyi dövründə) on milyonlarla dollar pul alıblar. Onlar 2006-cı ildən azı 20016-cı ilə qədər ABŞ-dakı və xaricdəki onlarla hüquqi şəxs vasitəsilə pul “yuyaraq” əldə etdikləri vəsaitlərin həcmini ABŞ hakimiyyət orqanlarından gizlədiblər. Hər iki şəxsə aid ofşor hesablar vasitəsilə 75 milyon dollardan çox vəsait keçib, Manafort 18 milyon dolları “yuyub”.
P. Manafort və R. Geyts Ukraynanın o vaxtkı prezidenti Viktor Yanukoviçin və onun Regionlar Partiyasının təlimatı ilə milyonlarla dollar qarşılığında ABŞ-da lobbiçilik fəaliyyəti aparıblar.
Qeyd edək ki, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi və Donald Trampın Rusiya ilə əlaqələrinə dair təhqiqat aparan Robert Müller Vaşinqtonda Böyük Jüri çağırıb. Böyük Jürinin formalaşdırılması R. Müllerə imkan verib ki, şahidləri məcburi çağırmaq, iş üzrə insanları məhkəmələrə dəvət etmək, dövlət orqanlarından təhqiqat üçün lazımi sənədləri tələb etmək imkanı qazansın. ABŞ qanunlarına uyğun olaraq Böyük Jüri rəsmi ittiham irəli sürməyin, işi məhkəməyə təqdim etməyin lazım olub-olmadığına qərar verir. Jüri R. Müllerin komandasının hazırladığı ilk ittihamları təsdiqləyib.
Onu da əlavə edək ki, R. Müller təhqiqat zamanı istintaqa birbaşa aidiyyəti olmayan məsələlərlə bağlı qanunsuzluq aşkarlayarsa, bu barədə də tədbir görmək səlahiyyətinə malikdir.
200