Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə əmr verdi
Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyatla əlaqədar ABŞ minə qədər hərbçisini bu bölgədən çıxarmağa başlayıb.
APA-nın məlumatına görə, bunu bu gün ABŞ Müdafiə naziri Mark Esper CBS telekanalına müsahibəsində bildirib.
M. Esper deyib ki, Türkiyə əməliyyatını cənub və qərb istiqamətində genişləndirmək niyyətindədir: “Son sutka ərzində bizə məlum oldu ki, Türkiyə hücumları öncə planlaşdırılandan fərqli olaraq genişləndirmək və qərbə doğru irəliləmək niyyətindədir”.
ABŞ Müdafiə naziri son sutka ərzində özlərini “Suriya Demokratk Qüvvələri” adlandıran YPG/PKK terrorçularının Suriya rejimi və Rusiya ilə razılıq əldə edərək Türkiyəyə qarşı əks-hücuma keçmək niyyətində olduğunu öyrəndiklərini də açıqlayıb: “Belə olan halda ABŞ qüvvələri Suriyada iki düşmən ordu arasında sıxışdırılmış vəziyyətdə qalacaq. Bununla əlaqədar mən dünən axşam Prezident Donald Trampla danışdım. Prezident zamanında qoşunlarımızı Suriyanın şimalından çıxarmaqla bağlı qərar verdi. Söhbət min ABŞ hərbçisindən gedir”.
Qeyd edək ki, Türkiyə ordusu və müxalif Suriya Milli Ordusu oktyabrın 9-da Suriyanın şimalında YPG/PKK terrorçularına qarış "Barış bulağı" əməliyyatına başlayıb. İndiyə qədər Rasulayn və Tel Abyad şəhərləri, o cümlədən 42 kənd terrorçulardan azad edilib.
856