Brüsseldə yerləşən Dünya Silah İstehsalı və Silahların Təyinatını Öyrənmə Mərkəzi (GUNGASM) son yüz ildə dövriyyəyə buraxılan ən təhlükəli silahların siyahısını açıqlayıb. Ənənəvi illik siyahılardan fərqli olaraq mərkəz bu dəfə son yüz ilin ən qorxunc silahlarının adlarını açıqlayıb. Qurumdan verilən məlumata görə, sorğu 500-dən artıq hərbi ekspertin və xüsusi təyinatlı mütəxəssisin iştirakı ilə aparılıb.
Lent.az GUNGASM-ın rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, qurumun açıqladığı 10 ən təhlükəli silahın hamısı hazırda dünyanın müxtəlif ölkə ordularının arsenalında aktiv istifadədir. Son yüz ildə istehsal edilən 10 ən təhlükəli silahların siyahısında yer alan “amansız ölüm vasitələri”nin hamısının 2000-ci illərdə istehsal edildiyi bildirilir.
İlk onluğun onuncu pilləsində “10- DSR-50” markalı snayper tüfəngi qərarlaşıb. Almaniyanın silah sənayesinin ən parlaq nümunələrindən olan “10- DSR-50”-in silah bazarında qiyməti 450 min dollardan başlayıb. Silah 2001-ci ildə dövriyyəyə buraxılıb. 2006-cı və 2013-cü ildə üzərində modernizasiya işləri aparılıb. Almaniya, ABŞ, Fransa və Səudiyyə Ərəbistanı ordularının arsenalına daxil edilib. Adıçəkilən silah 3000 metrdə hədəfi məhvetmə gücünə malikdir. 8,66 mm ölçüsündə olan güllədən çıxan qəlpə kəsici-deşici funksiyaya malikdir.
Doqquzuncu pillədə “Rheinmetall MG3” silahı yer alıb. Almaniya silah sənayesinin məhsuludur. “İkiayaqlı” pulemyot funksiyasını yerinə yetirən silah dəqiqədə 1300 mərmini 1200 metr məsafəyə göndərə bilir. Almanlar silaha “Hitler mişarı” ləqəbi verib. İlk dəfə dövriyyəyə 2004-cü ildə buraxılıb. Hazırda 16 ölkə ordusunun silah arsenalına daxil edildiyi bildirilir.
Səkkizinci pillədə özünə yer qazanan ən təhlükəli silah isə “Heckler&Koch HK 416”-dır. Almaniya istehsalıdır. 30 mərmi atıldıqdan sonra belə lüləsi qızmır. Lüləsi volframdan hazırlanan dünyada yeganə silahdır. Suda və torpaq altında da “işləmə” funksiyasına malikdir. Qəlpəsi deşici-parçalayıcı funksiyaya malikdir. 2005-ci ildə dövriyyəyə buraxılıb. ABŞ, Almaniya və Belçika ordularında aktiv istifadədir.
Yeddinci pillədə “Thompson M1A1” silahı qərarlaşıb. 1919-cu ildə Amerikalı general tərəfindən hazırlanıb. Saniyəyə 15 güllə atmaq qabiliyyətinə malikdir. Darağı 90 güllə tutur. Güllələri 6,6 mm çapındadır. Əsasən polis və mafiya təşkilatlarında aktiv istifadədə olub. 99 il ərzində 38 dəfə üzərində modernizasiya işləri aparılıb, təkmilləşdirilib.
Altıncı sırada “Heckler&Koch MG 4” silahı qərarlaşıb. Almaniya istehsalıdır. İstehsalçı şirkət silah haqqında ictimaiyyətə açıq informasiya vermir. Tək bilinən odur ki, xüsusi təyinatlı qüvvələrin səhra şəraitində əməliyyatları üçün nəzərdə tutulub. 2001-ci ildə dövriyyəyə buraxılan silah Amerika Dəniz Piyadaları Korpusunun sifarişi əsasında hazırlanıb və heç bir ölkə ordusuna satılmır. Silahın Əfqanıstan, Suriya və İraqda sınaqdan uğurla çıxdığı bildirilir.
Beşinci pillədə “FN F2000” avtomat tüfəngdir. Belçika istehsalıdır. Fabrique Nationale d’Herstal şirkəti tərəfindən istehsal edilir. 500 metr məsafəyə dəqiqədə 850 mərmi yağdırmaq gücündədir.
Dördüncü mövqedə “Heckler & Koch G3” qərarlaşıb. Adıçəkilən silah Almaniya və Belçika müştərək şirkətinin istehsal etdiyi silahdır. Türkiyə Silahlı Qüvvələrində aktiv istifadədir. Ümumilikdə isə 30-dan çox ölkənin ordusunda və hüquq-mühafizə orqanlarının silah menyusunda yer alıb.
Üçüncü yerdə “UOKJ 0065KF” silahıdır. Onun haqqında da heç bir məlumat verilmir. Tək bilinən odur ki, ilk 2009-cu ildə ABŞ-da istehsal edilib. 2011-ci ildə üzərində modernizasiya və xüsusi təkmilləşdirmə işləri aparılıb. 6 min metrdən hədəfi məhv etmə (parçalama, deşmə) funksiyalarına malikdir.
İkinci pillədə “Uzi” markalı İsrail istehsalı olan silah qərarlaşıb. 47 sm-lik “boyu” olan bu silah dəqiqədə 110 güllə atmaq gücünə malikdir. Yalnız ABŞ və İsrail ordusunda istifadə edilir.
Siyahının ilk pilləsində yerini möhkəmlətmiş “XM 307 / XM 312” markalı silah 2000 metr məsafəyə dəqiqədə 400 qumbara atmaq gücünə malikdir. İsrail istehsalıdır. 3 ölkənin - İsrail, Böyük Britaniya və ABŞ ordularının arsenalına daxil edilib. Silah bazarında qiyməti 3,2 milyon ABŞ dollarıdır.