“Xəzər Lənkəran” klubunun fəxri prezidenti və “Palmali” Şirkətlər Qrubunun sahibi Mübariz Mənsimov dünyanın ən yaxşı futbolçularından olan "Real"ın hücumçusu Kriştiano Ronaldunu Türkiyəyə gətirəcək. Lent.az-ın məlumatına görə, portuqaliyalı hücumçu iyunun 22-də ABŞ-in məşhur ləl-cəvahirat markalarından olan “Jacob&Co”nun Bodrumda ilk mağazasının açılış mərasiminə qatılacaq.
Mənsimov bu firmanın daha bir mağazasını İstanbulda açacaq. Ləl-cəvahirat markasının sahibi Yakob Arabo bildirib ki, mağazalar şəbəkəsinin gələcəkdə bütün Türkiyəyə yayılması nəzərdə tutulub: “Çox sevdiyim dostum Mənsimov markamızı Türkiyəyə daşımaq istədi. Biz də bunu münasib saydıq. İlk mağazamızı firmamızın reklam siması olan Kriştianu Ronaldunun da iştirakı ilə Bodrumda açacağıq”.
Qeyd edək ki, “Jacob&Co”nun müştəriləri arasında Madonna, Viktoriya və Devid Bekhemlər, eləcə də bir çox Hollivud ulduzu var.