Qərib Qarabağ, sirli Miryəhya və qızılbaş yurdundan <span style="color:red;">REPORTAJ – IV YAZI
17 aprel 2014 16:03 (UTC +04:00)

Qərib Qarabağ, sirli Miryəhya və qızılbaş yurdundan REPORTAJ – IV YAZI

...Əslində Əfqanıstana getməkdə məqsədimiz ayrı idi. Çoxdan bilirdik ki, bu qədim torpaqlarda Qarabağla bağlı yer adları var. Qarabağ, Qarabağbazar, Qarabağpalan, Qarabağbibi, Əfşar, Əfşar-təpə… Nadir şahın və Qızılbaş imperiyasının mövcud olduğu dönəmlərdə Azərbaycandan buralara köçən soydaşlarımız o vaxtdan Əfqanıstanda məskunlaşıb, yurd-yuva qurublar.

 

Niyyətimizi Diasporla İş üzrə Dövlət Komitəsinə bildirdik. Komitə təşəbbüsümüzü dəstəklədi və səfərin təşkilinə yardımçı oldu…

 

 

 

Əlimizdə sovetdən qalma xəritə, yanımızda sovetdən qalma əfqan tərcüməçimiz…

Səhərin gözü açılmamış... Qarabağa gedirik.

 

Kabildən 60 km aralıda yerləşən Qarabağa.

 

İllər, yox, nə illər, əsrlər öncə elə buralardan köçmüş-əslində köçürülmüş, qanı qanımızdan olan qarabağlıların yanına…

 

…Kalakanı keçəndə operatorumuz Fuad dilləndi:

 

- Bax dağlara, Kəlbəcərə oxşayır?

 

Əfqan tərcüməçi təbii ki Kəlbəcərin harada olduğundan xəbərsiz idi. Amma gülümsədi nədənsə…və bayaqdan səfər boyu ilk dəfə soruşdu:

 

- Qarabağa niyə gedirsiz ki?

 

Uzun tarix danışmağa həvəsim yox idi. Bircə onu dedim:

 

- Orada bizimkilər yaşayır...

 

- Azərbaycanlılar?

 

- Hə.

 

- Yox, nə danışırsız? Orada əfqanlar yaşayır.

 

- Gedək, görəcəksiz.

 

- Nəyi?

 

- Bizimkiləri…

 

Deyəsən, heç nə başa düşmədi...

 

***

 

...Elə biz də heç nə başa düşmürdük yol boyu. Çünki Əfqanıstanda yol boyu quraşdırılmış bircə məlumat lövhəsinə rast gələ bilməzsən. Ta Qarabağacan. Elə burada, Qarabağda, “4 yolda”, Qarabağ Müəllimlər Kolleci yazılmış lövhəni görməyənəcən bilməzdik ki, istədiyimiz yerə çatmışıq. Elə bu “4 yolda”ca Fuad kameranı çıxardıb çəkməyə başlayanda başımıza yığışan insanlar belə təəccüblənirdilər: görəsən bu lövhə bu əcnəbiləri nəylə cəlb edib ki? Qupquru bu dəmir parçasında nə sehr varmış? Əfqan tərcüməçi də deyəsən heç nə anlamır, elə hey “gəlin qabağa gedək, orda dağlar var, oranı çəkin” deyir... 

 

***

 

Amma bizi dağlardan çox, adamlar maraqlandırır - qarabağlılar…

 

Təbii, bizim üçün qərib ölkədir Əfqanıstan, həm də fövqəladə vəziyyətdə olan bir ölkə. Elə fövqəladə bir vəziyyət yaranmasın deyə, ilk öncə polisdən çəkiliş üçün icazə istəyirik. Azərbaycan adını eşidib gülümsünür. Deyəsən, rəisi idi. İçəri girib poqonu ulduzlunun biri ilə qayıtdı, sıravi polis. Məqsədimizi bilən kimi bircə bunu dedi:

 

- Harada nə istəyirsiz çəkin, postlardan başqa. Bir problem yaşadığınız halda mütləq müraciət edin. Adım da İsmayıldır”.

 

***

 

Qarabağın bələdiyyəsinin qarşısındayıq. Hələ buna baxın: “Radio Qarabağ 94.7 FM”!

Bələdiyyə binasında isə namaz qılırlar. Gözləyirik. İçəridən çıxanlar üzümüzə baxır təəccüblə:

 

- Azərbaycandan? Qafqazlardan?

 

- Deyəsən inanmırlar, pasportmu göstərək? - tərcüməçimiz izah edir.

 

İçəri dəvət edirlər. Hamısı əyləşir. Cavanlı-qocalı dinməzcə mənə qulaq asırlar. Gəlişimizin məqsədini izah etdikcə üzləri gülür, bir-biri ilə xısınlaşırlar. “Xoş gəlmisiniz”. Aha, demək düz gəlmişik. Bələdiyyə sədridir, deyəsən, əvvəl o başlayır:

 

- Düzü, heç ağlımıza gəlməzdi, necə deyərlər, yatsaq yuxumuza girməzdi ki, Azərbaycandan müsafirimiz olar nə vaxtsa. O torpaqlar çox müqəddəs torpaqlardır bizim üçün. Elə öz torpaqlarımızdır. Biz o torpaqlar üçün canımızı fəda etməyə hazırıq. Necə ki, illər öncə heç kimin çağırışı olmadan oralara getdik. Orada kafirlərə qarşı savaşdıq. Amma gəlin belə edək. Qoy mən xəbər eləyim ağsaqqallar da gəlsin. Söhbəti sonra davam etdirək...

 

Razılaşırıq, harasa zəng edirlər. Qayıdıb deyirlər ki, yığışacaqlar indi. Bir az gözləyək. Bayıra çıxırıq.  Deyəsən Azərbaycandan gəldiyimizdən xəbər tutublar. Ətrafa o qədər adam yığışıb ki... Hələ uşaqları demirəm. Telefonla şəkillərimizi çəkirlər, bizimlə şəkil çəkdirirlər. Müəyyən fasilədən istifadə edib, bizə bir qəbir də göstərirlər, “bu bizim şəhiddir” deyirlər.

 

- 6 sovet əsgərini öldürüb. Özü şəhid olub. Onun qəbri ziyarət yerimizdir...

 

Bu vaxt biri yaxınlaşır. Və sizcə nə desə yaxşıdır?

 

- Bilirəm, bəlkə də xətrinizə dəyəcək. Amma Azərbaycana salam deyəcəm. Allahı sevərsiz, bağışlayın, təəssüf ki, vacib işlərim var.

 

Salam demək niyə xətrimizə dəysin ki? Hə, səbəbi varmış…

 

Dərhal da kameranın qarşısına keçir. Və məlum olur ki, sovetlərə qarşı döyüşmüş bu adam Bakıdan hansısa Miryəhyaya salam göndərir. Bəs Miryəhya kim ola?  Sən demə, bizim bu Miryəhya sovet ordusunun tərkibində Əfqanıstanda xidmət edib. Və necə olubsa, əsir düşüb. Elə bu adamın əsiri olub. Zavalı Miryəhya da uzun müddət qorxusundan deməyib ki, azərbaycanlıyam, müsəlmanam. Qorxub ki, müsəlman kimi əfqanlara qarşı vuruşduğuna görə bunu linç edərlər. Amma bir gün necə olubsa, Miryəhya həqiqəti deyib. Bunlar da yaman qəzəbləniblər. Məlum olanda ki, Miryəhya da elə belə müsəlman deyil, azərbaycanlıdır, bunların ürəyi soyuyub. Bundan sonra Mirəhyaya qayğı ilə yanaşıblar. Yeməyini-içməyini bol ediblər. Hələ bu harasıdır? Bir gün Miryəhya deyib ki, əsgərliyimin bitməsinə 2 ay qalıb, məni buraxın. Bunlar da deyib ki, nə var o kafir yurdu Şurəvidə, qal burada, səni evləndirək. Razılaşmayıb. Onda deyiblər ki, gecə qaç get, orda, özünüzünkülərin yanına çatanda deyərsən ki, əsirlikdən qaçmışam...

 

Və kameraya dönür:

 

- Mryəhya, salamlar, məni eşidirsən? Tanıdın məni?

 

Gülə-gülə salam göndərir az qala 30 ildən çox keçsə də. Elə biz də bu mücahid qardaşa qoşuluruq: Əfqanıstanda vuruşmuş Mryəhya adlı qohumunuz, tanışınız, qonşunuz varsa, lütfən deyin, səs versin…

 

Maşınlara minib bir qədər gedirik, gözləyirlər bizi…

 

***

 

İndilikdə isə bir qədər geri qayıdaq. Daha doğrusu, tarixə. Kimdi axı bu qarabağlılar? Haralardan gəlib çıxıblar bura?

 

Tarixi mənbələrə görə, bu adamlar Səfəvilər və ondan sonra Nadir şah hakimiyyəti zamanı imperiyanın dayaqlarını möhkəmlətmək məqsədilə Azərbaycan ərazisindən Əfqanıstana köçürülmüşlərin nəvə-nəticələridir. Təsadüfi deyil ki, indinin özündə belə Əfqanıstanda Əfşar, Əfşar-təpə, Əfşar-nənəkçi, Bayat, Şahağası, Qarabağ, Qarabağpalan, Qarabağbazar, Qarabağbibi, Otuzikilər, Şahsevən kimi yer adları var. Maraqlıdır ki, əsrlər keçdiyindən assimilyasiya olunsalar da, dil və folklorunu az da olsa saxlaya biliblər. Əfqanıstanda onları qızılbaş, hazarilər, əfşarlar kimi adlandırsalar da, kökəncə Azərbaycandan olduqları heç kimə sirr deyil.

 

Qızılbaş adlandırılanlar Əfqanıstanda əsasən Kabil və ətrafında, habelə Heratda yaşayırlar. Qızılbaşların sayının yarım milyona yaxın olduğu barədə məlumatlar var. Təəssüf ki, tarixən şiə məzhəbli olan qızılbaşlar dini ayrı-seçkilik və siyasi təzyiqlərdən qurtulmaq üçün çoxu özlərini sünni tacik kimi qələmə veriblər. Və bu gün onların böyük qismi azəri türkcəsində yox, tacik dilində danışır. Bir sözlə, dil unudulub gedib. Amma maraqlıdır ki, yaşayış məntəqələrinin çoxunun adı saxlanılıb. Məsələn, elə təkcə Qarabağ adıyla başlayan neçə yaşayış məntəqəsi var bu ölkədə.

 

Bizim gedib çıxdığımız Qarabağ Kabil şəhərindən 60 km aralıda və məşhur Bagram aviabazasının 20 km cənub-şərqində yerləşir. Bizə verilən bilgiyə görə, əhalisinin sayı 21 min nəfərə yaxındır, Onların da böyük əksəriyyəti qızılbaşlardır. Yeri gəlmişkən, Əfqanıstanda Qarabağ adlı daha bir böyük yaşayış məntəqəsi var ki, - əhalisinin sayı 60 mini keçir - Qəzni vilayətində yerləşir. Amma Kabildəcə bizə bildirdilər ki, ora mühafizəsiz getmək çox təhlükəlidir, Talibanın aktiv olduğu bölgələrdəndir.

 

Bizim olduğumuz Qarabağ isə Talibanın gücünün demək olar ki, yox olduğu bir bölgədir. Elə sonradan onu da biləcəkdik ki, Talibana qarşı başlayan mübarizədə onların ilk vurulub çıxarıldıqları məkanlardan biri elə Qarabağ olub…

 

***

 

…İçəridə əməlli tünlükdür. Ağsaqqallardan biri deyəsən bunu hiss etdi. Cavanlardan bir neçəsini bayıra çıxardı. Amma çıxmadılar, qapı ağzında durub maddım-maddım bizə baxırdılar. Bardaş qurub otururuq. Məni lap yuxarı başa çəkirlər, Ömər Ayxan adlı keçmiş mücahid komandirin yanına. Söhbətə də elə o başlayır:

 

- Bizə puştun da deyirlər, tacik də. Amma onu bilirik ki, dədə-babalarımız o tərəflərdən gəliblər. Siz də ordan gəlmisiz. Nəfəsinizlə, qədəminizlə şərəf vermisiniz.

 

Təşəkkür etdik. Əslində ilk sualım o olacaqdı ki... Qarabağ, Azərbaycan adlı yer barədə soruşacaqdım düzü. Amma yaxşı ki, soruşmadım.

 

Bilirsinizmi niyə? Sən demə, onlarla kəndi olan Qarabağda Azərbaycan, Qarabağ adını bilməyən yoxdur. Üstəlik, onu da biləcəkdik ki, Qarabağda az ailə tapılar ki, onun övladı vətənə kafir saldırısı var deyib, ölkələr keçib gizlicə Qarabağa qaçmasın. Hələ üstəlik… Yaxşısı budur sizləri yormayaq. Ardını gözləyin. Çox maraqlı olacaq…

 

(Bu yazı həmin günlərdə Əfqanıstanda qətlə yetirilən alman həmkarımız Anja Niedringhausun xatirəsinə həsr olunur)

 

Səbuhi Məmmədli,

Kabil

 

# 4612
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar