Rusiyanın Sankt-Peterburq şəhərində OMON qüvvələri azərbaycanlıların da çalışdığı və Sofiyskaya küçəsində yerləşən “NART” meyvə-tərəvəz bazasına basqın edib. Bazada çalışan həmvətənlərimizin Lent.az-a verdiyi məlumata görə, basqında OMON-la yanaşı digər hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edib.
Basqın zamanı bazadakı bəzi anbarların ofisləri dağıdılıb, xeyli sənəd və seyflərdəki pul götürülüb. Onlarla qafqazlı və orta asiyalı işçi saxlanılıb.
Həmvətənlərimiz bildirirlər ki, hüquq-mühafizə orqanları əməkdaşları basqını bazanın 80 milyon rubl dəyərində əlavə dəyər vergisindən yayınması ilə izah ediblər. Dağıdılan ofislərin əksəriyyəti də məhz azərbaycanlılara məxsus olub.