İranda mayın 7-11-də prezidentliyə namizədliyin qeydiyyata alınması üçün rəsmi qaydada ayrılmış 5 gün ərzində ümumilikdə 686 nəfər müraciət edib.
APA-nın məlumatına görə, bununla da iyunun 14-də keçiriləcək XI dönəm prezident seçkilərinə namizədlərin müraciətlərinin rəsmi qeydiyyataalınma mərhələsinə yekun vurulub. Qeydiyyatdan keçənlər arasında 656 nəfəri kişi, 30-u qadındır, həmçinin 539 nəfəri ailəli, 147-si subaydır. Onların arasında ən gənc namizədin 39, ən yaşlısının isə 87 yaşı var.
Qeyd edək ki, 2009-cu il prezident seçkiləri zamanı 475 nəfər prezidentliyə namizəd kimi qeydiyyatdan keçmək üçün ərizə verib. Ancaq İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negahban) onlardan yalnız 4-nü prezidentliyə namizəd kimi qeydə alıb. Bunlar indiki prezident Mahmud Əhmədinejad, İran Məsləhət Şurasının katibi, SEPAH-ın keçmiş komandanı Möhsün Rzayi, həmçinin ölkə müxalifətinin liderlərindən olan sabiq baş nazir Mirhüseyn Musəvi və Milli Etimad Partiyasının baş katibi Mehdi Kərrubi olub. M. Əhmədinejad İran Konstitusiyasına əsasən üçüncü dəfə prezident seçkilərində iştirak etmək hüquqi olmadığından marafona qatılmayıb, M. Rzayi yenə də prezidentliyə namizədliyinin qeydə alınması üçün müraciət edib, M. Musəvi və M. Kərrubi isə iki ildən çoxdur ev dustaqlığında saxlanılır.
Xatırladaq ki, prezident seçkilərinə namizədlərin rəsmi qeydiyyataalma mərhələsinin ilk günü 75, ikinci günü 69, üçüncü günü 99, dördüncü günü 123, beşinci günü isə 320 nəfər ərizə verib. Onların arasında İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, ölkə prezidentinin qudası İsfəndiyar Rəhim Məşayi, parlamentin sabiq spikeri Qulaməli Həddad Adil, İran Məsləhət Şurasının katibi, SEPAH-ın keçmiş komandanı Möhsün Rzayi, M.Əhmədinejadın qardaşı Davud Əhmədinejad, birinci vitse-prezident Məhəmmədrza Rəhimi, İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, sabiq xarici işlər naziri Əli Əkbər Vilayəti, İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst, vitse-spiker Məhəmmədhəsən Əbuturabifərd, İranın ali dini lideri, ayətullah Əli Xamneyinin yanında Strateji Şuranın sədri, sabiq nazir Məhəmməd Şəriətmədari, İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Ruhani, İran Qızıl Aypara Cəmiyyətinin sədri Mahmud Müzəffər, Tehran şəhərinin meri Məhəmmədbağır Qalibaf, İranın Mədəni irs, Sənətkarlıq və Turizm Təşkilatının rəhbəri, Kermani Fars vilayətinin sabiq valisi Ruhulla Əhmədzadə, millət vəkili Həsən Sübhani, prezidentin mətbuat məsələləri üzrə sabiq müşaviri Əli Əkbər Cavanfikir, İran Mərdomsalari (Demokrat) Partiyasının baş katibi, keçmiş islahatçı millət vəkili Mustafa Kəvakabian, “Hizbullah”ın baş katibi Seyid Məhəmməd Bağır Xərrazi, keçmiş vitse-prezidentlər Məhəmmədrza Arif və Sadıq Vaəzzadə, sabiq xarici işlər naziri Mənuçöhr Möttəki, keçmiş təhsil naziri Həmidrza Hacıbabayi, sabiq əmək və sosial rifah naziri Pərviz Kazımi, keçmiş daxili işlər naziri Sadiq Xəlilian, keçmiş yollar və şəhərsalma naziri Məhəmmədrza Səidikiya, sabiq səhiyyə naziri Kamran Bağıri Lənkərani, keçmiş informasiya, təhlükəsizlik və kəşfiyyat naziri Əli Fəllahian, sabiq neft, həmçinin keçmiş informasiya texnologiyaları və kommunikasiya naziri Seyid Məhəmməd Qərrazi. keçmiş nazir Əlirza Əli Əhmədi, sabiq azərbaycanlı deputat Əkbər Ələmi, keçmiş deputat Əlirza Zəkani var.
Mayın 12-16-da Konstitusiyaya Nəzarət Şurası həmin namizədlərin səlahiyyətinə baxacaq və kimin prezident seçkilərinə buraxılması və ya namizədliyinə xitam verilməsi barədə qərar çıxaracaq. Ancaq ehtiyac duyularsa, bu müddət 5 gün də uzadıla bilər. Bundan sonra hansısa bir səbəbdən səlahiyyətinə xitam verilmiş prezidentliyə namizəd 16-23 may arasında şuranın qərarından şikayət edə bilər. Mayın 23-24-də isə İranın Daxili İşlər Nazirliyi prezident seçkilərinə qatılacaq namizədlərin adlarını açıqlayacaq. Mayın 24-dən iyunun 12-dək təbliğat kampaniyası həyata keçiriləcək. Eyni zamanda İran Daxili İşlər Nazirliyi qeydiyyataalma mərhələsi və digər seçki işləri üçün ölkə daxilində 67 min seçki bürosunun fəaliyyət göstərəcəyini açıqlayıb. İran Dövlət Televiziya və Radio Təşkilatı (İRİB) isə prezidentliyə namizədlərin hər birinə öz seçki platformalarını seçicilərinə açıqlamaq üçün 10 saat efir vaxtı ayıracağını bildirib.