Bura hər gün yüzlərlə insan yığışır. Aralarında turistlər də var, amma daha çox yerli sakinlərdir.
Hər gün eyni şeyə baxmağa gəlirlər. Amma bezmirlər, usanmırlar. Bəlkə də heç bir əyləncənin, teatrın, konsert zalının olmadığı bir məmləkətdə…burada baş verənlər elə əsil şou, tamaşa, teatrdır.
Bura, Pakistanın paytaxtı İslamabaddan 3, ölkənin ən böyük şəhərlərindən olan Lahordan isə yarım saatlıq yolda yerləşən Vaqa deyilən yerdir. Pakistanın Hindistanla keçid məntəqəsi də elə “Vaqa” adlanır. Hindistan tərəfdə isə məntəqələrinə “Çarli” adını veriblər. Və hər gün saat 14 radələrində “Vaqa” ilə “Çarli”nin qarşısına hər iki tərəfdən yüzlərlə adam yığılır. Hə, burda əsil tamaşa göstərilir. Sərhədçilərin ifasında. Rəsmən bayraq endirmə adını almış bu tamaşada hər şey var: emosiya və həyəcan da, zabitlərin oynadığı zabitəli rollar da. Hər bir addım, hər bir əl çalma, hər bir şüar və uniformalıların hər bir hərəkəti sanki möhtəşəm rejissor işindən xəbər verir. Bircə detalı deyim, məsələn, hər iki tərəfdə bayraq ağacında olan ipin uzunluğu eyni bərabərlikdədir və hər iki bayraq eyni vaxtda havaya uçur.
Pakistan tərəfdə əyləşmiş insanların qışqırdığı şüarlara diqqət yetirin: “Ən güclü kimdir? Pakistan”, “Qarşımızda sədd yoxdur”, “Ya Allah, Pakistan”… və “Sizi əzərik”…
Əzmirlər, diqqətlə baxın, onların ən böyük hədələri…qarşı tərəfə təpik atmalarıdır. Hərdən adama elə gəlir ki, qarşı tərəfə iti addımlarla addımlayan zabitə ordan sərt cavab veriləcək, sanki qan su yerinə axacaq...
Zaman-zaman bu sərhəddə çox qanlar axıb. Həm Hind, həm də Pakistan xalqı on minlərlə-bəzi məlumatlara görə, 120 minə yaxın-itki veriblər.
Və sonucda buralara kövrək də olsa sülh, əmin-amanlıq gəlib, tarixin qanlı müharibələrini elə bu tamaşa-qovğalar əvəz edib.
…Təki qışqırsınlar, çığırsınlar, təpik atsınlar…güllə atmasınlar…
Səbuhi Məmmədli,
Pakistan