“ABŞ Türkiyədən hər hansı terrorçunu ala bilməz” - Ərdoğan
“ABŞ terrorçunu Türkiyəyə vermir, bəhanələr uydurur, o zaman ABŞ da bizdən heç bir terrorçu almayacaq. Mən bu vəzifədə olduğum müddətdə ABŞ Türkiyədən hər hansı terrorçunu ala bilməz”.
APA-nın Türkiyənin "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün 43-cü Muxtarlar Toplantısında Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənlə bağlı məsələyə toxunan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
R. T. Ərdoğan deyib ki, müsəlman ilan dəliyindən bir dəfə keçər, ikinci dəfə keçməz: “Belə strateji ortaqlıq olmaz. ABŞ PKK-nın Suriya qolu olan PYD/YPG-yə 4 min yük maşını silah və texnika göndərib. Biz bunu anladırıq, dinləmirlər, necə strateji ortağıq? Biz yeni istiqlal savaşımızı müdafiədən hücuma çevirdik. Bizim burnumuzun ucunda birilərinin terror koridoru yaratmaq cəhdlərinə qarşı səbrimiz tükənmək üzrədir. İndiyə qədər gözləməyimizin səbəbi bu məsələni qarşılıqlı anlaşma ilə çözməyə ümidimizin qalması idi. Ancaq bu yolların getdikcə tükəndiyini, yalnız bir çarənin qaldığını görürük. Bizə verilən sözlərə əməl edilməməsi, gözümüzün içinə baxa-baxa yalan danışılmasına daha dözmək məcburiyyətində deyilik. Suriyada “Fərat qalxanı” əməliyyatı ilə atdığımız addımları bütün sərhədlərimiz boyu genişləndirmək imkanına sahibik”.
R. T. Ərdoğan Türkiyənin heç vaxt heç bir ölkənin daxilindəki iqtidar oyunları üçün vasitə olmadığını vurğulayıb: “Türkiyə ABŞ-ın əsassız siyasətlərinin girovuna çevriləcək ölkə də deyil. Qarşınızda nə Osmanlının xəstə adamı, nə 1970-1990-cı illərin gücsüz Türkiyəsi var. Artıq 2071 hədəfinə inanmış bir Türkiyə, böyük və güclü bir Türkiyə var. Artıq qarşınızda yüz milyonlarla qardaşının qəlbi və duası arxasında olan bir Türkiyə var. Artıq qarşınızda “Ya var olacaq, ya öləcəyik!” deyən millət var. 15 iyul hərbi çevriliş cəhdi zamanı təkcə Prezident Sarayı ətrafında 29 övladımız şəhid oldu, 36 qazimiz var. Hərbi təyyarələrin, vertolyotların, tankların qarşısına çıxaraq canlarını fəda etdilər. Bizə hesab ödətmək istəyənləri meydana çıxmağa dəvət edirik. Bu coğrafiya neçə böyük mədəniyyətlərin, xalqların yaranmasına şahidlik etdiyi kimi, kin abidəsinin də çöküşünü görüb. Mustafa Kamal Atatür “Misakı-Milli sərhədləri” deyən zaman hazırda Suriyada terror koridoru yaradılmaq istənilən yerləri də nəzərdə tuturdu. Ona görə də orada dövlət qurmaq istəyənlər ancaq ovuclarını yalayacaqlar. Özünü fiziki sərhədləri içərisinə həbs edənlər könül bağlarını qırarlarsa, fiziki sərhədlərindən də məhrum olarlar”.
391