İtaliya ərazisi vasitəsilə Avropaya keçməyə cəhd edən 1300 miqrant Aralıq dənizində xilas edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın Sahil Mühafizə Xidmətindən bildirilib.
Xilas edilən mühacirlər Tunis sahili ilə Siciliya arasındakı boğazda 160 kilometrlik məsafəni 5 rezin sal, 6 taxta qayıq və barja vasitəsilə qət etməyə cəhd ediblər. Üzmə vasitələrdən birində ölmüş miqrantın cəsədi tapılıb.
“Frontex” agentliyinin məlumatına görə, 2016-cı ildə qeyd olunan marşrutla Avropaya 180 min miqrant daxil olub. Onların əksəriyyəti Afrika qitəsinin təmsilçisidir (Eritreya, Qvineya, Kot-Divuar və Qambiya). Ötən il ərzində ölən və itkin düşən miqrantların sayı 5 mindən çox olub.