Ukraynanın Jitomir vilayətində fevralın 1-dən etibarən güclü atəş altında olan Donetskin Avdeyevka şəhərinin sakinləri üçün yardım toplanılmasına başlanılıb.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir vilayəti üzrə nümayəndəliyi də yardım kampaniyasına qoşulub.
Nümayəndəlikdən APA-ya verilən xəbərə görə, UABD-nin Jitomir vilayəti üzrə nümayəndəsi Rac Qasımovun dəstəyi ilə Avdeyevka sakinləri üçün vacib ərzaqlar - makaron, düyü, un, qənd, çay, peçenye, günəbaxan yağı alınıb və isti geyim dəstləri hazırlanaraq 5 yük maşını ilə Avdeyevkaya yola salınıb.
Qeyd edək ki, yerli hakimiyyət humanitar yardımın alınıb Avdeyevkaya göndərilməsi üçün xüsusi qərargah təşkil ediblər. Xeyriyyə aksiyasında çox sayda təşkilatlar, eləcə də şəhərin sakinləri iştirak edir.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir vilayəti üzrə nümayəndəsi, iş adamı Rac Qasımov mütəmadi olaraq bu kimi aksiyalarda iştirak edir.