ABŞ Nümayəndələr palatası prezident Donald Trampın Konqresdən kənar Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə silah çatdırılması qərarını əngəlləyən qətnaməni qəbul edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, konqresmenlərin əksəriyyəti ABŞ administrasiyasının Konqresdən kənar bu ölkələrə silah tədarükü qərarına qarşı çıxıb. Ağ Evin bu qətnaməyə veto qoyacağı gözlənilir.
Qeyd edək ki, silah ixracı haqqında qanuna əsasən, prezident və onun administrasiyası fövqəladə hallarda Konqresdə 30 günlük baxılma olmadan belə bir qərar verə bilər. Bunun cavabında amerikalı senatorlar iyunun 5-də Tramp administrasiyasından, Konqresdə baxılmadan silah tədarükünün həyata keçirilməsi ilə bağlı verilmiş qərarı geri götürməyə çağırıb. Əks təqdirdə, senatorlar Səudiyyə Ərəbistanına və BƏƏ-yə silah satışına verilmiş mövcud icazəni ləğv edəcəkləri və administrasiyanın gələcəkdə Konqressiz silah satışları həyata keçirmək imkanından məhrum olunacağı barədə xəbərdarlıq ediblər.
Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeo mayın 24-də Dövlət Departamentinə İranla mübarizə üçün İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-yə 8,1 mlrd. dollarlıq silah tədarükü haqqında 22 natamam razılaşmanın təsdiq edilməsi təlimatını verib.