<span style="color:red;">3 gün “Xilafət”lə üz-üzə  - REPORTAJ-<span style="color:red;"> V YAZI
23 sentyabr 2015 16:31 (UTC +04:00)

3 gün “Xilafət”lə üz-üzə - REPORTAJ- V YAZI

“Şükran Türkiyə, şükran Türkiyə”. Beləcə, bir neçə dəfə təkrarlayıb əllərini göyə qaldırır. Gözlərini məchul bir nöqtəyə dikib dua edir. Sonra təkrar başlayır danışmağa. Amma hər cümləsinin başında xahiş edir ki, kameranı yığışdıraq. Çünki o tayda anası və atası qalıb. Hə, bir də əri qətlə yetirilmiş bacısı, iki uşağıyla.

 

(Əvvəlini bu linklərdən oxuya bilərsiz) 

 

http://news.lent.az/news/213734

,http://news.lent.az/news/214004

http://news.lent.az/news/214355

http://news.lent.az/news/214665

 

 

29 iyun, 2014-cü il. Hə, məhz bu tarixdə Suriyanın şimalında, Türkiyənin sərhədindən azca aralıda yerləşən bu əyalət şəhəri yeni status aldı: Bağdadinin əmri idi, Rakka “xilafət”in yeni paytaxtı elan olundu. Özü isə “xəlifə”. Bundan sonra İŞİD-in tutduğu, nəzarət etdiyi bütün xilafət torpaqları burdan, bu kiçik şəhərdən idarə olunacaq, yeni xəlifə isə Dəməşq ələ keçənədək məhz bu şəhərdə taxtında oturacaq. Burada onlar öz pullarını, dinarını kəsəcək, bütün xilafət idarəçiləri, yəni Bağdadinin bu və ya digər məsələlər üzrə müşavirləri xilafəti buradan, Rakkadan yönəldəcəkdi.

 

Amma…Amma az sonra o da məlum olacaqdı ki, “xəlifə” nəinki bu şəhərdə oturur, ümumiyyətlə, o, iki gün dalbadal bir yerdə gecələmir, onu nəinki müşavirləri görə bilir, dövlət idarəçiliyi ilə bağlı məsləhətləşir, əksinə, sanki qeyb olmuş kimi onu tapmaq belə mümkünsüz. “Xəlifə” isə dalbadal fərman və sərəncamlarını imzalayır, yeni qanunlar verir, əmirlər təyin edir. Və hər sənədin altında da göstərir: Rakka.   

 

***

 

Suriyanın 14 vilayətindən biri olub Rakka. Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl 800 mindən çox adam yaşayıb bu vilayətdə. İŞİD bura gələnəcən, “xilafət”in paytaxtı elan olunanadək Rakka modern bir şəhər imiş. Abad küçələri, kafe və restoranları, kinoteatrları, konsert salonları, təhsil müəssisələri olan sivil bir şəhər. Amma paytaxta qara bayraqlar asılan gündən şəhərdəki  bütün infrastruktur, tarixi abidələr darmadağın edilir. Şəhərin üzərindən sanki qara pərdə asılır. Bu pərdəni azca aralayıb kənara baxmağın bədəli isə edamdır.

 

***

 

“İyunun 29-da hamını, bütün şəhəri meydana yığdılar. Arvad, uşaq, qoca, fərq etmədən. Bütün evləri boşaltmışdılar. Hamını yolların kənarına düzmüşdülər. Dedilər, hərbi paraddır. Tanklar, hərbi maşınlar keçdikcə onları salamlamalıydıq. Biz əvvəl nə baş verdiyinin fərqində deyildik. Fikirləşirdik ki, yəqin bir-iki günlükdür, çıxıb gedəcəklər. Amma gün-gündən pis gəldi. Biz dindarıq, namazımızı qaçırmarıq. Şəriəti də yaxşı bilirik. Amma bunların şəriət dedikləri heç bir kitabda yox idi. Başımızı itirmişdik. Hər gün edam, hər gün qan, hər gün meydan boyu atılmış kəsik başlar. Nə edəcəyimizi, hara qaçacağımızı da bilmirdik. Sanki dəhşətli bir yuxu görürdük”. Bunu bizə Kilisdə deyirlər. Rakkadan qaçıb, əvvəl Nizipə, sonra da Kilisə pənah gətirmiş Abdulla. Üç uşağını və həyat yoldaşını çıxara bilib Rakkadan. Qoca xəstə anası isə orada qalıb. İndi də ondan xəbər tuta bilmir.

 

Abdulla deyir, həyat yoldaşını və qızını “Əl Xonsa” adlı qadın batalyonuna cəlb etmək istəyirmişlər. Həyat yoldaşı tibb bacısı imiş. Elə qızının da  tibb təhsili varmış.

- “Əl Xonsa”nın komandiri qadındır. Üm Cahizə deyirlər adına. Siz tərəflərdəndi, Qafqazlardan. Orada qadın batalyonunda xidmət edənlərin əksəriyyəti qafqazlıdır. Çoxunun da əri öldürülüb. Sonradan başqa döyüşçüyə ərə veriliblər. Oğlan uşaqları varsa, indi düşərgədədirlər, təlimdə. Çoxunu da canlı bomba kimi yetişdirirlər. Qızlar isə 12-13 yaşına çatıbsa, zorən ərə verilir. Elə döyüşçü var ki, əlinin altında 3-4 qız uşağı var, özünə hərəm edib. Mən həyat yoldaşıma  və qızıma görə qorxurdum. 15 yaşı var qızımın. Çölə-bayıra da buraxmırdım ki, götürüb aparacaqlar.  Belə vəhşiliyi heç kinolarda görməmişdik. 12 yaşından yuxarı hansı qız gözlərinə xoş göründüsə, götürüb aparırdılar. Adın da qoyurdular ki, bu da cihada xidmətdir.

Abdulla deyir, şəriətə görə, özgə kişi qadına yaxınlaşa bilməz. “Əl-Xonsa”da xidmət edənlər isə qadınlara  nəzarət edir. Kim hicabı düz taxıb, kimin üzündə ənlik-kirşan var, kim hara və niyə gedir, hər şeyə müdaxilə edirlər. Şəhərdən çıxan, girən qadınları da postlarda onlar yoxlayır. Kiminsə qadın paltarında  Rakkaya girib təxribat törədə biləcəyindən çox qorxurlar.

 

***

 

“Sayları çox olar. Bəlkə də 7-8 min. Əsas bazaları da Rakkadır. Xəlifə? Yox, heç kim bilmir, o harada oturur. Nə şikayət edəcəyik ki? Nəinki şikayət, onlarla hansısa mübahisə ölümə bərabərdir”. Bunu isə Züheyir deyir.

Dediyinə görə, şəhərə giriş-çıxış ciddi nəzarətdədir. Çox nadir hallarda, əsaslı bir səbəb olmasa, səni Rakkadan kənara buraxmazlar. 45 yaşdan aşağı kişiləri isə ümumiyyətlə buraxmırlar. Qadınlardan isə söhbət gedə bilməz.

 

***

 

“İŞİD Rakkaya gəldiyi gündən bütün qəbiristanlıqları, müqəddəs yerləri dağıdıb. Orta məktəbləri bağlayıb. Özləri ilə gətirdikləri adamlar dərs keçirlər. O da ancaq özlərinin şəriət qaydalarını. Namaza bir saat qalmış bütün dükanlar bağlanmalıdır. Ani gecikmə azı 20 şallaq cəzadır. Özlərinin vergi sistemlərini tətbiq ediblər. Hər şeyə görə pul alırlar. Bir ara mobil telefon işlədənlərə belə vergi qoymuşdular. Sonra isə mobil telefon işlətməyi ümumiyyətlə qadağan etdilər. Kimdə tutsaydılar, şallaqlayırdılar. Kiminsə casusluq etməsindən narahat idilər. İnternetdən isə söhbət gedə bilməz” deyir Kəbir.

 

Kəbirin dediyinə görə, onun bir qohumu İŞİD-dən qaçdığına görə günün-günorta çağı başını kəsiblər. “Anası dəli oldu. Başı açıq küçədə dəli kimi gəzirdi, onu da güllələdilər.

Biz istədik meyitini götürüb basdıraq. İcazə vermədilər. İtlər didik-didik eləmişdi meyiti. Sonra da aparıb zibilliyə atdılar. Həmin qohumumun evi dağılmışdı, bizdə gecələyirdi. Gecələr onunla söhbət edirdim. Məni inandırmaq istəyirdi ki, hər an ölməyə hazırdı. Deyirdim ki, 25 yaşın var, sən niyə ölməlisən ki? Onların hansısa üləmasının kitabından misal çəkirdi. Deyirdi, o dünyada mənim qulluğumda 70 bakirə qız duracaq. Mən ona başa sala bilmirdim ki, bütün dedikləri cəfəngiyyatdı. O, özündən çıxırdı, əsəbiləşirdi. Məcbur olub onu qovdum, dedim, bir də bura gəlmə. Amma təzə-təzə idi. Sonradan başa düşdü ki, mən haqlıyam. İki yoldaşı ilə Rakkadan qaçanda tutmuşdular. Onlar öldürülmüşdü. Bunun isə meydanda başını kəsdilər”.

 

***

 

Ən maraqlı məqama isə Yəhya toxunur. Deyir, Əl Babı İŞİD-in komandirlərindən olan Ömər Şuşaninin dəstəsi alıb. Sonradan həmin dəstə Rakkada məskunlaşıb. “Rakkada çeçenlər, qafqazlılar çoxdur. Bəlkə də sizinkilərdən var, mən onları ayırd edə bilmirəm. Hamısı da ailəsi ilə. Əri öldürülənlər yenidən ərə verilib. Oğlan uşaqları təlimdə, qız da bir az böyüyən kimi döyüşçülərdən birinin ixtiyarına keçir. Onların Rakkada ayrıca məhəllələri də var. O məhəlləyə girmək isə yasaqdır”.

 

Yəhyanın dediyinə görə, zülm, haqsızlıq, müsəlman əxlaqına zidd nə varsa, İŞİD Rakkaya gətirib. “Bir dükançı vardı. Onu asdılar, səbəbini də belə izah elədilər ki, vergidən qaçıb. Heç izahat verməyə də qoymadılar. Onlara söz demək mümkün deyildi. Adi irada görə öldürə bilərdilər. Ən yaxşısı susmaq idi. Guya şəriət məhkəmələri vardı. Amma əli avtomatlı birisi idi, aparırdılar yanına, kefi necə istəsə, cəza kəsə bilərdi. Elə cəza növləri fikirləşirdilər ki, adamın tükləri biz-biz dururdu. Bir dəfə meydana yığdılar camaatı. İki nəfəri də sürüyüb gətirdilər. Dedilər, Rakkadan qaçmaq istəyiblər. Haradansa elektrik çəkib gətirdilər. Əvvəlcə elə bildik elektrikə verib öldürəcəklər. Amma az sonra ağackəsən mişar da tapıb gətirdilər. Sözün həqiqi mənasında adamları mişara verdilər, uşaq, böyük, hamının gözünün qarşısında”.

 

***

 

Yəhya deyir, ətraf kəndlərdə xoşlarına gələn nə qədər qız-gəlin var, bazara yığırlar. İstədikləri, təyin etdikləri qiymətə də satırlar. “Nə razılıq? Onlar qadınları adam yerinə qoyurlar ki? Qadının heyvan qədər hörməti yoxdur. Yenə müsəlman qızları arvad edirlər. Başqa dindən olan qız, qadın əllərinə düşdüsə, daha böyük vəhşiliklər olur. Bir qızı bir neçə nəfər zorlaya bilər. Həmin qız bir neçə nəfərin köləsi ola bilər. Və o qızla necə istəsələr, eləcə də rəftar edirlər. Həmin qızı başqasına sata da bilərlər, öldürə də, qurda-quşa yem edə də”.

P.S. Fotolar müəllifin və Peretrem-dır.

(Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lent.az-ın birgə  “İŞİD həqiqətləri: reallıqlar, miflər” layihəsi çərçivəsində, Komitənin dəstəyi ilə hazırlanıb)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 343
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35