Qondarma Kosovo dövlətinin parlamenti Silahlı Qüvvələrin yaradılmasına dair qətnamə qəbul edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hakim və müxalif koalisiyalar tərəfindən dəstəklənən qətnamə 68 səslə qəbul edilib. “Serbiya siyahısı” partiyasından olan deputatlar iclası boykot edərək səsvermədə iştirak etməyiblər.
“Təhlükəsizlik Qüvvələrinin Silahlı Qüvvələrə transformasiyasına dair strategiyanın mümkün qədər tez razılaşdırılaraq, təsdiqlənməsi üçün parlamentə təqdim edilməsi üçün Kosovo hökumətinə əlavə səlahiyyətlər verilir”, - deyə qətnamədə bildirilib.
“NATO-ya inteqrasiyanın alternativi yoxdur, Kosovo Silahlı Qüvvələrinin yeni mandatına uyğun olaraq operativ imkanların inkişaf etdirilməsi məqsədi ilə Kosovo parlamenti və hökuməti NATO və ABŞ-la birgə səyləri razılaşdırmalıdır”, - deyə qətnamənin mətnində qeyd olunub.