Türkiyənin ixrac brendi ilə bağlı həm milli, həm də bütün rəsmi fəaliyyət və yazışmalarda “Türkiye” ifadəsindən istifadə ediləcək.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı Türkiyənin “Resmi gazete”sində dərc olunub. Qərarda bildirilib ki, yeni termin Türkiyə xalqının mədəniyyətini və dəyərlərini ən dolğun şəkildə əks etdirir. Bundan sonra həm milli, həm də beynəlxalq səviyyədə bütün rəsmi fəaliyyət və yazışmalarda “Türkiye” ifadəsi istifadə olunacaq.
Bu brendi gücləndirmə baxımından başda dövlətlər, beynəlxalq qurum və quruluşlarla rəsmi münasibətlər də daxil olmaqla, istənilən fəaliyyət və yazışmalarda “Turkey”, “Turkei”, “Turquie” və s. ibarələri deyil, “Türkiye” ifadəsinin istifadə olunması istiqamətində lazımı tədbirlər görüləcək.