"Taliban" hərəkatının sözçüsü Mücahid, Almaniyanın baş nazirini Əfqanıstanda görmək istədiklərini bildirib.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Əfqanıstanda idarəçiliyi ələ alan "Taliban", beynəlxalq arenada digər ölkələr tərəfindən tanınmaq istəyir. "Taliban"ın sözçüsü Zabihullah Mücahid, Almaniya ilə yaxşı əlaqələr qurmaq istədiklərini söyləyib.
"Almaniya hökumətinin yeni hökumətimizlə ən yaxşı diplomatik əlaqələrə sahib olmasını, humanitar yardım sahəsində bizə mümkün qədər dəstək və kömək etməsini istəyirik. Xüsusilə Angela Merkeli salamlayırıq. Onu görməkdən məmnun olardıq".
Digər tərəfdən, Mücahid sağlamlıq, təhsil və infrastruktur məsələlərində köməyə ehtiyac duyduqlarını və Almaniya hökumətinin onlara kömək edə biləcəyinə inandıqlarını söyləyib.
"Almaniya hökuməti sahibkarlarını Əfqanıstana sərmayə qoymağa təşviq edə bilər. Biz buna yol açacağıq və onların təhlükəsizliyini təmin edəcəyik. Almaniya bundan narahat olmamalıdır”.