İranda İslam Azad Universitetinin tələbəsi hicab taxmasına və əxlaq polisinin ona qarşı zorakılığına etiraz etmək üçün paltarını soyunduqdan sonra itkin düşüb. Nəticədə, tələbə minlərlə narahat şəbəkə istifadəçisi tərəfindən dəstəklənib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, İnternetdə Tehran universitetinin tədqiqat şöbəsinin həyətində alt paltarlı naməlum qızın dayandığını əks etdirən video yayılıb. Məlum olub ki, o, hicabını düzgün geyinmədiyinə görə onu təqib edən Bəsic yarımhərbi qruplaşmasının üzvlərinin hücumuna etiraz etmək üçün açıq-saçıq geyimdə ictimaiyyət qarşısına çıxıb.
Bəsic dəstələri asayişi qoruyur, o cümlədən yerli qadınların xarici görünüşünün qanuna uyğunluğunu yoxlayır. Universitet tələbə təşkilatı iddia edir ki, qrup üzvləri etirazçının geyimini bəyənmədiyi üçün onun baş örtüyünü çıxarıb və paltarını qismən cırıblar. Bundan sonra o, əşyalarının qalıqlarından qurtularaq etiraza başlayıb.
Təhsil müəssisəsinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Amir Mahcub tələbənin sonradan həbs olunduğunu təsdiqləyib. "Onun hərəkətlərinin motivləri aydınlaşdırılır" deyib və qızın davranışını ədəbsiz adlandırıb.
Daha sonra universitet nümayəndələri də qeyd ediblər ki, tələbə ruhi xəstəlikdən əziyyət çəkir və bu səbəbdən də daim ağır stress keçirir. Onların sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onu tibb müəssisəsinə yerləşdiriblər. Anonim mənbələr, öz növbəsində, əslində onun psixi sağlamlıq probleminin olmadığını bildirib.
Sosial şəbəkələrdə də bir neçə kişinin onu maşına mindirərək naməlum istiqamətə apardığını əks etdirən görüntülər yayılıb. Hadisə şahidləri bildiriblər ki, həbs zamanı qıza ağır fiziki zorakılıq göstərilib, o cümlədən başını avtomobilin qapısına və ya dirəyə vurması nəticəsində güclü qanaxma olub.
Hazırda saxlanılan şəxsin nə taleyi, nə də adı dəqiq məlum deyil.