II Yelizaveta 1953-cü ildən Britaniyanın kraliçasıdır. 95 yaşlı kraliçadan sonra taxta anasından oğlu şahzadə Çarlz keçəcək. Bəs, 70 ilə yaxındır taxtda olan Yelizaveta öləndən sonra nə baş verəcək ?
Lent.az Türkiyə mətbuatına istinadən kraliçanın ölümündən sonra nələrin baş verəcəyinin qısa xülasəsini təqdim edir.
Yelizaveta 1953-cü ildə atasının ölümündən sonra taxta çıxıb. Əslində, onun şansı çox az idi. Ancaq əmisi Edvard 1937-ci ildə taxtdan imtina etdikdən sonra atası Corc onun yerinə keçdi və Yelizaveta varis oldu.
O, təxminən 70 ildir ki, hakimiyyətdədir. Bu illər dünyada nə qədər müharibələr oldu, baş nazirlər, nazirlər, krallar dəyişdi. Dəyişməyən yeganə şey isə II Yelizaveta idi.
1926-cı il doğumlu II Yelizaveta 100 yaşına yaxınlaşdıqca Böyük Britaniyada onun hər an ölə biləcəyinə hazırlıq görürlər.
Yelizavetanın ölümündən sonra BBC ağ loqosunu qara rəngə dəyişəcək. Əyləncə proqramları təxirə salınacaq. Yas bitənə qədər kraliçanın ölümü və həyatı ilə bağlı verilişlər yayımlanacaq. Bütün kanallarda ancaq onun haqqında danışılacaq. Çox güman ki, kraliçaya məxsus sənədli filmlər arxivlərdə saxlanılır. Məhz həmin yas günlərində, ölümündən sonra nəşr olunacaq.
Bir çox tədbirlərlə yanaşı, ölkədəki mağazalar, ticarət mərkəzləri və birjalar bir gün müddətində bağlı olacaq. Bu da milyardlarla funt sterlinq zərər deməkdir. Yeni kralın tacqoyma mərasimində də ölkəni milyardlarla ziyan gözləyir.
Ölümündən sonra kraliçanın tabutu Bukenhem sarayına gətiriləcək və 4 gün orada saxlanılacaq. Qeyd edək ki, cənazəyə heç kim yaxın buraxılmayacaq. 4 günün sonunda tabut kral ailəsinin ziyarəti üçün açılacaq Vestminster sarayına aparılacaq. Ailənin ziyarətindən sonra cənazə xalqın ziyarətinə veriləcək. Təbii ki, bu proses böyük bir təhlükəsizlik təşkilatçılığı ilə həyata keçiriləcək.
II Yelizavetanın atasının məzarı Müqəddəs Georgi kilsəsində yerləşdiyi üçün kraliça da ora aparılacaq. Bundan əvvəl isə kraliça üçün zəng çalınacaq və bütün ölkə matəmdə olacaq.
Çox güman ki, ingilis funt sterlinqində də dəyişikliklər olacaq. Çünki İngiltərədə əskinasların üzərində hakimiyyətdə olan monarxın şəkli çap olunur. Buna görə də pullarda taxta çıxacağı gözlənilən şahzadə Çarlzın şəkilləri çap olunacaq. Kraliçanın təsvir olunduğu pullar zaman keçdikcə dövriyyədən çıxacaq.
Böyük bir sərvətin xərclənəcəyi tacqoyma mərasimi kraliçanın ölümündən ən azı bir il sonra keçiriləcək. Bu müddət ərzində Çarlz “kral” statusundan istifadə etməyə davam edəcək.