Çinin Honq-Konq bölgəsində gömrük işçisi İsveçdən gələn sərxoş turisti zorlayıb və məhkəmə qarşısına çıxıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə noyabrın 17-də baş verib. İsveçdən olan turist səhər tezdən onu “Ming Court” otelinə aparan və ona qarşı cinsi təcavüz edən kişidən polisə şikayət edib. Zorlama zamanı qızın sərxoş olduğu üzə çıxıb.
Ertəsi gün hüquq-mühafizə orqanlarının əməkdaşları 28 yaşlı gömrük əməkdaşı Li Kin-Onu saxlayıblar. Həmin şəxs nəzarətə götürülüb və məhkəmə onun girov qarşılığında azadlıqda qalması ilə bağlı müraciətini rədd edib.
Müstəntiqlər işin həlli üçün səkkiz həftə vaxt istəyiblər. Bu müddət ərzində onlar kamera görüntülərini öyrənəcək, digər şahidləri tapıb dindirəcək, həmçinin məhkəmə-tibbi ekspertizası keçirəcək və şübhəlinin mobil telefonunu yoxlayacaqlar.
Nəticədə hakim prosesi yanvarın 15-dək təxirə salıb. Məlumata görə, zorlamaya görə ən yüksək cəza ömürlük həbsdir.