Metsamor AES
26 aprel 2021 13:05 (UTC +04:00)

Metsamor AES

Ermənistanda “ikinci Çernobıl”: Daha dəhşətli, daha qorxunc... 

35 il əvvəl, aprelin bu günü  Çernobıl AES-in dördüncü blokunda dünyanı sarsıdan qəza baş verdi. Bu hadisə XX əsrin ən böyük və dəhşətli nüvə radiasiya qəzası hesab edilir. Qəza nəticəsində SSRİ-də daxil olmaqla 5 milyon nəfər insanın yaşadığı 130000 kvadrat kilometr ərazi radioaktiv çirklənməyə məruz qalmışdı. Və bu qəzanın fəsadlarını hələ də aradan qaldırmaq mümkün olmayıb. 

Yerləşdiyimiz regionda ətraf mühitə və əhalinin sağlamlığına ciddi təhlükə yaradan Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasını (AES) ikinci Çernobıl adlandırmaq olar. 1976-cı ildən bəri köhnəlmiş texnologiyalar əsasında fəaliyyət göstərən Metsamor AES dünyanın ən köhnə nüvə texnologiyası ilə inşa edilib. Bu səbəbdən də dünyadakı ən təhlükəli AES hesab olunur. Və ən da dəhşətlisi odur ki, müəssisənin istismar müddəti artıq çoxdan sona çatıb. İstismara verilərkən 30 il ərzində istifadə edilməsi nəzərdə tutulan bu stansiyanın istismar müddəti artıq 45 ili də aşıb. 

Stansiya iki blokdan ibarətdir. Bu stansiyanın birinci bloku 1976-cı ildə, ikinci bloku 1980-ci ildə istismara verilib. AES Yerevandan 28, Türkiyə və İran ilə sərhəddən müvafiq olaraq 16, 60 kilometr, Azərbaycan-Gürcüstan sərhədindən təqribən 150 kilometr məsafədə yerləşir. Tarixdən və yaşadığımız təcrübələrdən bilirik ki, təhlükəsizlik meyarlarına cavab verməyən nüvə reaktorları daim fəlakətlərə səbəb olub. 1979-cu il martın 28-də ABŞ-ın Tri-Meyl-Aylend AES-də baş vermiş qəza, 1986-cı ildə baş vermiş Çernobıl qəzası, 2011-ci ildə Yaponiyanın Fukusima AES-də baş vermiş qəza hələ yaddaşlardan silinməyib, onların bəlasını bəşəriyyət hələ də çəkməkdədir. Azərbaycan o vaxtkı SSRİ ərazisində baş vermiş Çernobıl qəzasının ağır nəticələrini 35 ildir ki, yaşamaqdadır. Çernobıl əlillərinin və şəhidlərinin taleyi dediklərimizə əyani sübutdur. 

Beynəlxalq mütəxəssislərin rəyinə görə, Metsamor AES-də qəza olarsa, baş verə biləcək fəlakətin səviyyəsi Çernobıl AES-dəki qorxunc partlayışın nəticələrindən heç də geri qalmaya bilər. AES-də təhlükəsizlik sistemi çox aşağı səviyyədədir. Metsamor, həm də 11 ballıq zəlzələ riski olan zonada yerləşir. Onun ətrafında mövcud olan 5 tektonik qırılmadan biri stansiyadan cəmi 500 metrliyindədir. 

1988-ci ildə zəlzələ nəticəsində dağılmış Spitak şəhəri Metsamor AES-in cəmi 75 kilometrliyində yerləşir. Seysmik təhlükəni anlayan SSRİ rəhbərliyi Spitak zəlzələsindən sonra “Metsamor” AES-in fəaliyyəti tamamilə dayandırmışdı. Amma enerji böhranını bəhanə gətirən Ermənistan 1995-ci ildə ikinci bloku yenidən işə salıb. Köhnə, elementar təhlükəsizlik standartlarına cavab verməyən “Metsamor” AES yalnız region ölkələrini deyil, dünya birliyini də narahat edir. Avropa İttifaqı 2000-ci ildə onun fəaliyyətinin dayandırılması müqabilində Ermənistana 140 milyon avro təklif etsə də, Yerevan məbləğin azlığını əsas gətirərək təkliflə razılaşmayıb. Hətta ən inkişaf etmiş ölkələrdə belə atom stansiyalarının təhlükəsizliyinə təminat olmadığını nəzərə alsaq, Ermənistan kimi aşağı həyat səviyyəsi və kiçik büdcəsi olan bir dövlətin bu çox xərc tələb edən təhlükəsizlik tədbirlərini görməyə nə maddi cəhətdən, nə də texniki-texnoloji cəhətdən hazır olmadığı qənaətinə gələ bilərik. 

Regionda Türkiyə və Azərbaycan kimi ermənilərin düşmən hesab etdiyi dövlətlərin və xalqların yaşaması bu stansiyadan qonşu ölkələrə qarşı təhdid- təzyiq vasitəsi kimi istifadə olunması fikrini də ağıla gətirir. Ümumilikdə bu stansiya Rusiya, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Qara dəniz bölgəsi üçün fəlakətə səbəb ola bilər. 

Yeri gəlmişkən, dünyada istismar olunan 444 reaktordan 178-nin istismar müddəti bitmiş, istismar olunmayan və konservasiya edilmiş 127 reaktorun sökülərək onların utilizasiyası, ərazinin təmizlənərək rekultivasiya olunması yerinə yetirilməyib. Bu proses atom blokunun tikilib istismara verilməsi prosesindən daha təhlükəlidir və beynəlxalq ekspertlərin məlumatına görə, proses 100 ilə yaxın bir müddət ərzində “Metsamor” AES-in zəlzələ riskli ərazidə yerləşməsi, stansiyanın təhlükəsizlik standartlarının köhnə və etibarsız olması, qoruma qalxanı (“containment vessel” - 2 metr qalınlığında polad) olmayan, qatı bazalt üzərinə inşa edilən köhnə bir stansiya olması, istismar müddətinin 2001-ci ildə bitməsinə baxmayaraq, onun hələ də işlədilməsi və Ermənistan dövləti tərəfindən AES-in təhlükəsizliyinin tənzimlənməsi mexanizminin zəif olması region üçün təhdidləri artıran əsas amillərdir. Beynəlxalq Atom Enerji Agentliyi və Aİ rəsmən “Metsamor” AES-in dünyadakı ən təhlükəli nüvə stansiyası olduğunu qəbul edib. Dünya birliyi "Fukusima-1" AES-də baş verən dəhşətli qəzadan nəticə çıxarıb Ermənistanı erməni iddialarından əl çəkib seysmik aktiv zonada atom energetikasının inkişaf etdirilməsi siyasətindən çəkinməyə məcbur etməli, köhnə stansiya bağlanmalı və yeni stansiyanın tikilməsinə yol verilməməlidir. Əks halda, Cənubi Qafqazda və ətraf ərazilərdə Çernobıl təhlükəsi qaçılmaz olacaq

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1626
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar