“Airbus A350-1000ULR” təyyarəsi Avstraliyanın Melburn şəhərindən Fransanın Tuluza şəhərinə enişsiz sınaq uçuşu həyata keçirib və 24 saatdan çox havada qalıb. “Flightradar24” tətbiqində təqdim olunan məlumatlara görə, təyyarə kommersiya sərnişin laynerləri arasında uçuş məsafəsi və müddəti üzrə qeyri-rəsmi rekord müəyyən edib.
Lent.az xəbər verir ki, şərq istiqamətində həyata keçirilən uçuş 24 saat 24 dəqiqə davam edib. Təyyarə bu müddətdə 23 min kilometrdən çox məsafə qət edib.
Bundan bir həftə əvvəl həmin layner Tuluzadan Melburna təxminən 19 saat 12 dəqiqəyə çatıb və 16,9 min kilometr məsafə qət edib. Lakin budəfəki uçuş zamanı marşrut dəyişdirilib.
Uçuş “Airbus” və “Qantas Airways” şirkətlərinin birgə həyata keçirdiyi “Project Sunrise” layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi Avstraliyadan London və Nyu-Yorka birbaşa, enişsiz reyslər açmaqdır.
Məlumata görə, “A350-1000ULR” təxminən 18,5 min kilometrədək artırılmış uçuş məsafəsinə malikdir. Sidney–London marşrutu üzrə ilk reysin 2027-ci ilin oktyabrında həyata keçirilməsi planlaşdırılır.
Aviaşirkət ilk təyyarənin tədarükünü isə artıq aprel ayında gözləyir.