Dünyanı aldadan aclıq, milyonlarla məktub, bizim Elbrus müəllim -  SƏBUHİ MƏMMƏDLİ YAZIR
23 sentyabr 2021 13:37 (UTC +04:00)

Dünyanı aldadan aclıq, milyonlarla məktub, bizim Elbrus müəllim - SƏBUHİ MƏMMƏDLİ YAZIR

Yadımdadı, onda orta məktəbdə oxuyurduq. Sonuncu, 10-cu sinfə təzə keçmişdik. Bizə tarix fənnini keçən Elbrus müəllim əlində “Pravda” qəzeti içəri girib dedi: “Amerikada doktor Hayder aclığı başlayıb. Hər gün “Vremya”nı soruşacam”. 
Biz zavalı sovet məktəbliləri təbii ki doktor Hayderin kim olduğunu bilmirdik. Olsa-olsa  ABŞ prezidenti Ronald Reyqanı tanıyırdıq.

Ronald Reyqan

Ölkəsinin tarixinə ən uğurlu prezidentlərindən biri kimi düşmüş Reyqanı bizə ironiya ilə aktyor kimi tanıtmışdılar. Nədi-nədi gəncliyində bir-iki filmə çəkilmişdi. 
Elbrus müəllim həddən artıq ciddi və tələbkar olduğundan məcbur olub hər axşam saat 10-da “Vremya”ya baxmağa məcbur olurduq.  Çünki bu, Hayderin necə deyərlər, fəaliyyətini iazləməliydik.
Bəs kim idi bu Hayder? Müəllim onu bizə niyə tapşırmışdı?
Tədricən öyrəndik ki, cənab Çarlz alimdi, astrofizikdi, nüvə silahına qarşıdı. Aclıq etməkdə məqsədi də odu ki, ABŞ və SSRİ nüvə başlıqlarından imtina etsin.

35 il əvvəl, tarixin bu günü, yəni sentyabrın 23-ü aclığa başlamışdı o. Hə, bu yerdə bir məqamı da qeyd edək ki, onun əsas tələbi 2000-ci ilə qədər ölkədə bütün nüvə başlıqlarının məhv edilməsi idi. Amerikalı alimin bu addımı Sovet İttifaqında da Hayderin adını populyar etmişdi. 218 gün davam edən aksiya SSRİ prezidenti Mixail Qorbaçovun aclığı dayandırmaqla bağlı xahiş məktubundan sonra başa çatmışdı. 
Onun 218 gün ərzində yalnız isti su və dəniz duzu qəbul etdiyini deyirdilər. Hayderin bu addımı, ABŞ-la rəqabət aparan SSRİ-də böyük maraqla, hətta böyük dəstəklə qarşılanmışdı.. “Yoldaş Hayder” bütün günü qəzetlərin manşetlərindən və “Vremya” xəbərlər proqramının gündəmindən düşmürdü. İş o yerə çatmışdı ki, .Qorbaçov ona dəstək məktubu belə yollayır və onun şərəfinə xatirə medalı təsis edir. 

Bayaq qeyd etdiyimiz kimi onun aclıq aksiyası düz 218 gün davam edir və növbəti ilin aprelində başa çatır. Amma bu zaman başqa məsələ ortaya çıxır. Sən demə, “Yoldaş Hayder”in aclıq aksiyası saxta imiş və o, bu müddətdə heç də ac qalmayıbmış. Onun cibində çörək qırıntılarının tapılması, hətta yanına yemək gətirənlərin məlum olması, Hayderin reputasiyasını əməlli-başlı zədələyir. Onun immunitetini normal saxlamaq üçün gizlicə vitaminlər qəbul etdiyi də deyilirdi. 

Aclıq aksiyasına son verən kimi Hayder prezident olmaq iddiasına düşür və hətta imzatoplama aksiyasına start verir. O, bu kampaniyada heç bir uğur qazana bilmir. İş o yerə çatır ki, 1998-ci ildə çap etdirdiyi “Plutoniuma yoluxmuş bəşəriyyətin yaşaması” adlı kitabını alan belə olmur. Yeri gəlmişkən, onun elmi araşdırmaları əsasən Günəş fizikası mövzusundadır. Bu mövzuda 50-dən çox elmi məqalələri var. Sovet televiziyasının Vaşinqtondakı müxbiri Vladimir Dunayev hər gün Ağ Evin qarşısında çadır qurub aclıq elan etdiyini deyən Hayderlə bağlı reportajlar verirdi. Sonradan məlum olmuşdu ki, Dunyaev hər dəfə ora gələndə  maşınında 4-5 dəst kostyum gətirirmiş. Eyni gündə kostyumlarını dəyişib bir neçə fərqli süjet çəkirmiş. 
Bir maraqlı fakt; Hayderlə bağlı təbliğat o qədər güclü idi ki, milyonlarla sovet insanı ona aclığı dayandırması üçün teleqram göndərmişdi.

218 gündən sonra Hayder özünün iddia etdiyi kimi ağlığı dayandırdı. Acıqdan sonra onun ilk yediyi isə bilirsinizmi nə olmuşdu? Azca şorba, donuz ətindən rulet və qızardılmış toyuq…

# 3549
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar