GSM Assosiasiyası (GSMA) 2023-cü il üçün Mobil İnternet Bağlantısı Hesabatını açıqlayıb.
Lent.az həmin hesabata istinadən xəbər verir ki, dünyada təxminın 4,3 milyard insan smartfona sahibdir. Bu da planetin ümumi əhalisinin 55%-ni təşkil edir. Mobil internet istifadəçilərinin sayı 4,6 milyarda çatıb. 4 milyard insan internetə smartfonlar vasitəsilə qoşulub.
GSMA hesabatı regionlar üzrə mobil internet əlçatanlığının qeyri-bərabər olduğunu bildirir. Şimali Amerika və Şərqi Asiyada smartfon sahiblərinin 69%-i 4G cihazlarından istifadə edir, Afrika və Yaxın Şərqdə istifadəçilərin əksəriyyəti hələ də 3G şəbəkələrindən istifadə edir.
Mobil internetin nüfuzu hər nə qədər davam etsə də, hələ də 3,4 milyard insanın və ya dünya əhalisinin 38%-nin mobil cihazlarda internetə çıxışı yoxdur. Sub-Sahara Afrikasında əhalinin 59%-i internetə qoşula bilmir. Cənubi Asiyada isə bu rəqəm 52%-dir.
Qeyd olunur ki, 600 milyona yaxın insan və ya dünya əhalisinin təxminən 8%-i mobil internetdən özəl telefonlarda istifadə edir. Mobil istifadəçilərin sayının artmasına qeyri-kafi rəqəmsal bacarıqlar, savadsızlıq, təhlükəsizlik problemləri və müvafiq məzmunun məhdud əlçatanlığı mane olur.
Bağlantının olmaması milyardlarla insanın həyati əhəmiyyətli xidmətlərə daxil olmasına mane olur. GSMA bunun daha yoxsul və daha az təhsilli qruplar üçün vəziyyəti daha da pisləşdirdiyini vurğulayır. Yüksək yaşayış xərcləri və artan fövqəladə hallar da onların vəziyyətini pisləşdirir. Təşkilat rəqəmsal texnologiyaların tətbiqini sürətləndirməyə və rəqəmsal uçurumun daha da genişlənməsinin qarşısını almaq üçün maneələri aradan qaldırmağa çağırır.