Türkiyənin Ordu vilayətinin Pərşəmbə rayonunun bələdiyyə başçısı Mustafa Sayım Tandoğan yoluxduğu koronavirusdan necə müalicə olunduğunu açıqlayıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tandoğan iki həftə əvvəl kürək ağrısı və halsızlıq şikayəti ilə müayinə olunub və koronavirusa yoluxduğu məlum olub: "Bir müddət xəstəxanada müalicə olunduqdan sonra evdə özümü karantin rejimində saxladım. Hər kəsə evdə qalmaları ilə bağlı çağırış etsək də, işimə görə evdə qala bilmədim və virusa yoluxdum. Virusa qısa zamanda qalib gəldim. Buna səbəb sağlamlığıma diqqət etməyim və siqaret çəkməməyim oldu. Xəstəxanada siqaret çəkənlərin bu xəstəliyi çox ağır keçirdiyini gördüm. Buna görə də siqaretdən imtina edin".