Fevralın 11-i Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü kimi qeyd olunur.
Lent.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə fevralın 11-i Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü elan edilib.
Bu günün qeyd edilməsində məqsəd qadın və qızların cəmiyyətdə rolunun, həmçinin onların elmi və texnoloji sahələrdə fəal iştirakının təmin olunmasıdır.
Günün əsas hədəfi 2030-cü ilə qədər dayanıqlı inkişafa nail olmaq üçün sağlamlıq, iqlim dəyişikliyi istiqamətlərində fəaliyyət göstərən istedadlar yetişdirməkdir.
BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü münasibətilə müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunur ki, elm və gender bərabərliyi təşkilatın 2030-cu ilədək dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bəşəriyyətin son 15 ildə bu sahədə böyük nailiyyətlər əldə etməsinə baxmayaraq, qızlar və qadınlar hələ də təhsil almaqda maneələrlə qarşılaşırlar. Dünyada elmi tədqiqatlarla məşğul olanların cəmi 30 faizi zərif cinsin nümayəndələridir. Müraciətdə qadın və qızların təhsil, təlim və elmi sahədə peşəkar karyera əldə etmələrini təşviq etməyin, gender bərabərsizliyini aradan qaldırmaq üçün dünya ölkələrinin səy göstərməsinin vacibliyi vurğulanır.